“Gözümü, əlimi, ayağımı bağladılar” - Evlərə qənim kəsilən maskalılar - VİDEO - FOTO

24 May 2019 15:49

Şəmkirin Aşağı Seyfəli kəndində maskalı şəxslər evə basqın edib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, gecə saatlarında iki nəfər şəxs kənd sakini Gülnarə Qasımovanın yaşadığı ünvana qanunsuz daxil olaraq əvvəlcə qadına zor tətbiq edərək əl-qolunu və ağzını bağlayıblar. Sonra isə soyuq silahla ona hədə qorxu gələrək pul və qiymətli əşyalar tələb ediblər. Həyatının təhlükədə olduğunu görən qadın evində olan pulun yerini deyib. Bununla kifayətlənməyən naməlum şəxslər qadının gözünü bağlayıb, üzərində olan qızıl zinət əşyalarını da ələ keçiriblər.

Gülnarə Qasımova - Zərərçəkən: "Bıçağı görəndən sonra qorxumdan pulun yerini dedim. Sonra da gözümü, əlimi, ayağımı bağlayıb özləri axtarış apardı. Qulağımdan sırğamı əlimdən üzüyümü çıxardıb sonra da məni bağlı vəziyyətdə qoyub çıxıb getdilər".

Maskalıların evi tərk etdiyini qapının səsindən duyan qadın çətinliklə də olsa bıçaq tapıb əlini aça bilib. Daha sonra isə qonşuları və qohumlarını köməyə səsləyib.

Şərqanə Qasımova - Zərəçəkənin bacısı: "Polisə xəbər vermə. Əl-qolunu bağlayıb səni evin içində odlayacağıq. Bu dəfə polisə xəbər versən səni evin içərisində odlayacağıq".

Zərərçəkənin sözlərinə görə, təxminən 20 gün əvvəl qonşuluqdakı mənzil də maskalı şəxslər tərəfindən qarət edilib.

Gülnarə Qasımova - Zərərçəkən: "Martın axırı həmin ağzı bağlı maskalılar aşağıda yaşayan Aydın qonşunun evinə giriblər. Ağzı bağlı maskalılar olub, deyə bilmərəm ki, onlar olub".

Rusiyada ticarətlə məşğul olan zərərçəkənin oğlu Kamal Əliyev cinayətin sorağını eşidib kəndə qayıdıb. O, buna qədər də evlərindən quldurluq məqsədilə oğurluq edildiyini bildirib.

Kamal Əliyev - Zərərçəkənin oğlu: "Pul, qızıl, evdən əşya aparıblar. Gəlib, yazıb-pozublar, heç kim heçnə tapa bilməyib. Onda da deyiblər ki, bizə ip ucu verin biz onu tapaq. Dördüncü dəfədir bu oğurluq olur. Hələ heç kim heçnə tapa bilməyib".

Şəmkir rayon polis şöbəsindən verilən məlumat görə, hələlik qeydə alınan cinayət hadisəsi ilə bağlı saxlanılan yoxdur. Maskalı şəxslərin müəyyən edilib saxlanılması istiqamatində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Milli.Az