Həbsxanadaykən sevgilisini hamilə qoyan, 30 qadını zorlayan tələbə - FOTOlar

24 May 2019 09:42

"İnsanlar unutmamalıdır ki, qatillərin dişləri iti olmur, onlar küçədə ağzı köpüklü halda gəzmirlər. Qatillər daim insanların arasındadır. Hətta, ən sevdiyiniz, ən çox dəyər verdiyiniz insan belə bir anda vəhşi birinə çevrilə bilər"

Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (10-cu say) təqdim edir:

Avtobioqrafik janrında olan filmlər əsasən məşhur idmançı, musiqiçi, yazar və ya başqa görkəmli birinin həyatınandan bəhs edir. Həmin filmlərdə tanınmışların keçirdiyi çətin həyat tərzi qabardılır, izləyicilərdə ona qarşı rəğbət ya da əksinə, nifrət yaradılır.

Avtobioqrafik-dram janrında olub, dilimizə "Yaraşıqlı, pis və əclaf" kimi tərcümə edilən "Extremely wicked, evil and vile" filminin qəhrəmanı isə tanınmış olsa da, xaraktercə tamamilə fərqli biridir. O, təcavüzkar, qatil, nekrofil (ölülərlə cinsi əlaqəyə girən şəxs) və pedofildir.

1 saat 50 dəqiqədən çox davam edən "Netflix" filmi ABŞ-da baş verən real hadisələr əsasında çəkilib. Rejissor işinin peşəkarlığı ilə seçilən kinonu Google istifadəçilərinin 81 faizi bəyənib.

Elizabet Kendallın sevgilisi ilə bağlı xatirələrindən ibarət "The Phantom Prince: My Life with Ted Bundykitabından ilhamlanaraq ekranlaşdırılan kinonun qəhrəmanı hüquq fakultəsinin psixoloji problemləri olan tələbəsidir. O, 30-dan çox qadını öldürməkdə ittiham olunsa da, Elizabeti dəli kimi sevib, onu sevən başqa qadından isə övladı dünyaya gəlib.

Söhbət ABŞ-da 1970-ci illərdə silsilə cinayətlər törətmiş qatil və təcavüzkar Ted Bundy-dən gedir. Ted o qədər savadlı olub ki, yaşadığı dövrdə kimsə, hətta, hakim belə onun qatil olduğuna inanmayıb. Səliqəli geyimi, səlis danışığı ilə gənc qızların sevimlisinə çevrilən Tedin həbsxanada olmasına baxmayaraq ona vurulan qızlar da olub.

Bir neçə dəfə həbsdən qaçan Ted axıra qədər özünün məsum olduğuna inandırsa da, sonda anasının istəyi ilə "təslim olub".

2 saat boyunca izləyicilərini ekrana bağlayan kinonun baş rolunu Zak Efron ifa edib. Onun tərəf müqabili isə Lili Kolins olub. Onlar ekran işində bir neçə dəfə sevişiblər.

Filmdə diqqət çəkən məqamlardan biri ABŞ-ın ştatlarındakı məhkəmə sistemlərinin fərqliliyidir. Belə ki, Floridada məhkəmə qanunlarının daha sərt olduğu qabardılıb. Tedin nəzarətçiyə yüksək məbləğdə pul verib, sevgilisi ilə onun otağınds sekslə məşğul olduğu kadrla rejissor həbsxanalardakı rüşvət məsələsini yansıdıb.

Filmə baxanda oğlunun edamını görmək istəməyən ananın məhkəmədə ölüm hökmü ilə bağlı danışdıqlarını eşidəndə bunun yanlış qərar olduğuna dair bir fikir yaransa belə, Ted Bundy-nin törətdiyi cinayətlərə görə Florida məhkəməsi bunu doğru hesab edib.

Filmin klüminasiya nöqtəsi onun son səhnəsi olub. Belə ki, Ted Bandinin real görüntüləri nümayiş etdirilib. Onun replikaları, özündənrazı davranışları diqqət çəkib. Sonda isə Tedin öldürdüyü qadınların adlarının siyahısı verilib və arxa fonda yazının əvvəlində qeyd etdiyim sözlər səsləndirilib.

Filmin şüarı da elə bu sözlərdir. Onu sevən qadının fəryadı və bir manyakın həyatdakı aktyorluğundan ibarət olan hadisəni ekranlaşdırmaqla rejissor insanları görünüşə aldanmamağa, hər kəsə inanmamağa səsləyib və sanki, həmin qatilin "beyninə" həsəd apardığını da filmdə gizli şəkildə hiss elətdirib. Qızların dilindən deyilən: "O insan necə düşünür? Onun beyninə heyranam" sözləri də bunu deməyə əsas verir.

Yaş kateqoriyası 18+ olan filmdə qorxulu səhnələr olmasa da, erotik kadrlar yer alıb. Rejissor və aktyor işi o qədər mükəmməl alınıb ki, Ted filmin sonuna qədər özünü izləyicilərinə məsum biri kimi tanıdıb. Hər kəsin Ted həqiqətən də məsumdur və azadlığa çıxacaq deyə düşündüyü film gözlənilməz sonluqla bitdiyinə görə, onu bir növ novella da hesab etmək olar.

Bəxtiyar Umarlı
Milli.Az