Gün altında qalan ərzaqlar: “Bir var ki, gedim içəridən gətirim, hazır ordan verirəm” - VİDEO - FOTO

23 May 2019 18:09

Şəhərin müxtəlif ərazilərində yol kənarlarında ərzaq məhsullarının satışına rast gəlmək olar. Toz-torpağın içində satılan bu qidalar insan sağlamlığı üçün təhlükəli hesab olunur.

Milli.Az bildirir ki, bu məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

İsa Əliyev - Qida mühəndisi: "Bir çox hallarda marketlərin içəridə və ya soyuducusunda yeri olmur. Yer olmadığına görə, onu çölə qoyur".

Mütəxəssislərin sözlərinə görə, Bakı kimi tozlu, küləkli bir şəhərdə küçə ticarəti işini aparmaq qətiyyən məqsədə uyğun deyil. Nəzərə alsaq ki, Bakı tozlu olması ilə yanaşı, həm də günəşli şəhərdir. Tozla bərabər günəş şüaları altında ərzaq məhsulları öz keyfiyyətlərini tamamilə itirir.

İsa Əliyev - Qida mühəndisi: "İsti şəraitdə onun içindəki sporlar və mikroorqanizmlər münbit şərait tapan kimi inkişaf edir və bu da nəticədə kiflənməyə və rənginin dəyişilməsinə, iyinin dəyişilməsinə gətirib çıxarır".

Bundan başqa küçədə satılan ərzaqların keyfiyyət parametrləri məlum deyil. Onların saxlanma qaydaları da ciddi şəkildə pozulur.

Günay Rəsulova - Həkim: "Xüsusilə yay fəslində qidaların açıq havaya çıxarılması onların həm temperatur təsirinə məruz qalmasına, həm qidada xarab olma prosesinə başlamasına və həmçinin insan orqanizmi üçün artıq qeyri-sağlam hala düşməsinə səbəb olur".

Satdığınız məhsulları niyə günəş altında saxlayırsınız?

Satıcı: "Günəş altında deyəndə ki, o təzə gəlib, vuracağıq içəri".

Satıcı: "Mal indi gəlib, 5-10 dəqiqəyə qoyuruq içəri. Restoran gəlib mənə mal yazır. Deyir ki, yaz bir qutu yumurta. Qutuda 13 dənə olur. Bir var ki, gedim içəridən gətirim, hazır ordan verirəm".

Günay Rəsulova - Həkim: "Bundan başqa açıq havada plasmas qablarda satılan sular da var ki, insanlar çox vaxt yayda bu suları alıb istifadə edirlər. Bu suların alıb istifadə edilməsi də əlbəttə ki, insan orqanizmi üçün təhlükəlidir. Yenə də zəhərlənmə və mədə-bağırsaq pozğunluqlarına gətirib çıxara bilər".

İsa Əliyev - Qida mühəndisi: "Xüsusən kiçik marketlər buna daha çox riayət etmir. Böyük marketlərdə çox vaxt buna riayət olunur. Qida məhsullarının sanitar gigiyenik və soyuq zəncir prinsipinə əməl edən marketlərdən və yerlərdən mağazalardan alış-verişlərini etsinlər".

Qida təhlükəsizliyi agentliyindən bildirildi ki, qida məhsullarının açıq havada, günəş şüalarının altında satışı yolverilməzdir. Vətəndaşlara bu şəraitdə satılan məhsulları almamağı məsləhət görülür. Qida məhsullarının açıq şəkildə günəş şüalarının altında satışı halları ilə rastlaşdıqda, agentliyin 1003 çağrı mərkəzinə məlumat vermək tövsiyyə edilir.

Milli.Az