Yorğunluq altında yatan ciddi xəstəliklər – Hansı analizdən keçməli?

23 May 2019 23:25

Bəzən yanlış olaraq yorğunluğu, halsızlığı xəstəlik, diaqnoz kimi yox, sadəcə iş-güc və stresin çoxluğuna yozurlar.

Yorulmuşam keçib gedəcək, deyənlər, əgər yorğunlğunuz 3-6 ay ərzində getmirsə, günlərlə yatsanız da, tətil götürüb istirahət etsəniz də azalmırsa, əksinə hər gün sizi həyatın ritmindən geriyə çəkirsə, o zaman altda yatan ciddi səbəbləri, xəstəlikləri, riskləri araşdırıb, müayinə olunmaq lazımdır.

Adi yorğunluqdur düşünüb, vaxtında həkimə getməməklə, müalicədə gecikən xəstələr minlərlədir.

Sizi qorxutmaq istəməsək də, yorğunluq altında yatan, gizlənən xəstəlikləri sadalayırıq.

Milli.Az medicina.az-a istinadən bu xəstəliklərin daha çox hallarda yorğunluq, halsızlıq, gücsüzlük simptomları verdiyini bildirir.

1.Qan azlığı, anemiyanın müxtəlif növləri

Anemiya təkcə bir qanazlığı demək deyil. Onun altında müxtəlif çoxlu hemotoloji sindromlar var.

Anemiya zamanı dəri ağ, qansız, göyərmiş olur, xüsusən ağız-burun ətrafı göyərir, ürək döyünmə artır, tənəffüs çətinləşir. Qanazlığı adi hemoqlobin analizi ilə bilinir. Amma anemiyanın hansı növünün olmadı üçün müxtəlif analiz və müayinələr lazımdır ki, onu da terapevt təyin edir. Qanazlığı təkcə yeməklə düzəlmir, mütləq dərman qəbul olunmalıdır.

2.Ürəyin işemik xəstəlikləri

Əgər ürəkdə ağrı, sancl yoxdursa, deməli sağlamdır düşünənlər yanılır. Adi işdən yorulma, çox gəzəndə yorğunluq, səhər-axşam əzginlik elə ürək xəstəliklərinin ilkin simptomu ola bilər.

Ürək damarları normal işləmədikdə orqanizm qan və oksigenlə yaxşı təmin olunmur, ona görə insan lazımi enerjini almır və daim yorğun olur.
Hazırda ürəyin diaqnostikasında ən yaxşı metod kardioqramma yox, angioqrafiya hesab olunur.

3. Şəkərli diabet

Müasir dövrün bəlası, gəncləşən xəstəlik.
Qlükoza orqanizm üçün enerji mənbəyidir. İnsulin dayanıqlıq olanda o hüceyrələrə lazımi miqdarda getmir və insan güc azlığı, yorğunluq hiss edir.
Diabetdən öncə preddiabet mərhələsi olur, o zaman da insan əzgin, yorğun ola bilər.

Ona görə istənilən uzun müddətli yorğunluq halında venadan şəkər analizi verilir. Aclıq və toxluq şəkəri fərqləndirilir. Şübhə varsa, endokrinoloqa gedib, dəqiq müayinə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə bildirir ki, şəkərli diabet nəsildən, irsi keçir. Ona görə ailəsində, yaxınlarında bu xəstəlik olanlar ildə 1 dəfə yoxlanmalıdır.

4.Onkoloji şişlər

Hamının qorxduğu, istəmədiyi, gözləmədiyi diaqnoz. Çox orqanların onkologiyası uzun müddət simptomsuz gizli gedir. Amma həkimlər bildirir ki, ilkin mərhələdə iş qabiliyyətinin azalması, yorğunluq, halsızlıq, başgicəllənmə elə simptomdur. Sadəcə buna önəm verilmir.
Risk qrupunda siqaret çəkənlər, zərərli peşədə çalışanlar, kimyəvi maddələrlə təmasda olanlar, doğmalarında genetik onkoloji xəstəliklər olanlardır.

5.Xroniki yorğunluq sindromu

Bu artıq yorğunluğun xəstəliyidir. Həkimlər ciddi səbəb tapmadıqda, əzgin, bitkin insanlara bu diaqnozu qoyur. Səbəbi dəqiq bilinmir. Diaqnoz üçün xəstə qan analizi verməli, USM olunmalı, terapevt, kardioloq, endokrinoloq, kardioloqdan keçməlidir. Çünki bu xəstəlik asan diaqnoz olunmur, altından 100 səbəb çıxır.

Daha çox nevroloq nəzarətində xüsusi rejim, qidalanma, sakitləşdirici dərmanlarla, istirahətlə, psixoloqla müalicə edilir.

6.Vitamin çatışmamazlığı

İndi kimin yetəri qədər vitamini var ki? Orqanizm tükənir, qidalar isə zərərli. Hətta bir vitaminin çatışmaması orqanizmin işində pozulma yaradır.
Yorğunluqda adətən D vitamini, B6, B12, kalsium, maqnezium, E vitamini yoxlanılır.Çatışmazlıq varsa, dərmanlar və dieta yazılır.

7. İnfeksiya xəstəlikləri

İnfeksiyaya yoluxduqda, orqanizm onun məhv edilməsi üçün xeyli enerji, güc ehtiyatı sərf edir, immunitet zəifləyir. Sağaldıqdan sonra ümumi yorğunluq, gücsüzlük hiss olunur. Amma istər uşaq, istər böyük insan il ərzində tez-tez infeksiya, virusa yoluxan insanlarda orqanizm bərpa olmur. Xüsusən xəstə olanda işə çıxan, yataq rejimində olmayan insanlar daim yorğun olur.

Milli.Az