Meksika Senatında təntənəli Novruz bayramı mərasimi keçirilib

20 Mart 2015 15:01

Meksika Senatında təntənəli Novruz bayramı mərasimi keçirilib.
 

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, səfirliyin təşəbbüsü və Meksika Senatının təşkilati dəstəyi ilə keçirilmiş tədbirdə Azərbaycan, Türkiyə, İran, İraq, Pakistan, Gürcüstan və Qazaxıstan respublikalarının Mexikodakı səfir və diplomatik heyəti, Meksika Senatının üzvləri, ölkə içtimaiyyətinin tanınmış nümayəndələri və dəvət edilmiş digər qonaqlar iştirak ediblər.
 

Tədbirin əvvəlində sözügedən ölkələrin nümayəndələri tərəfindən təntənəli zeytun-ağacəkmə və bu ağacın Azərbaycan, Türkiyə, İran, İraq, Pakistan, Gürcüstan və Qazaxıstan xalqlarının Meksika Senatına həddiyyəsi olduğunu əks etdirən xatirə lövhəsinin açılş mərasimi keçirilib. Lövhədə həmçinin BMT Baş Assambleyasının A/RES/64/253 saylı qətnaməsi ilə Beynəlxalq Novruz Gününün qəbul edildiyi, habelə Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi yazılıb.
 

Mərasim iştirakçılarını salamlayan Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barron tədbirin keçirilməsi təşəbbüsünə görə Azərbaycan Səfirliyinə dərin təşəkkürünü bildirərək, Novruz bayramının tarixi və beynəlxalq Növruz ənənələləri mövzusunda çıxış edib. Çıxış edən İran və Türkiyə respublikalarının səfirləri, Novruz bayramının tarixi-mədəni irsi və xüsusiyyətlərindən bəhs ediblər.

Tədbirdə iştirakçı ölkələrin Novruz ənənələrini əks etdirən foto-sərgi keçirilib, habelə mərasim iştirakçılarına Azərbaycan milli mətbəxinə aid şirniyyat nümunələrindən ibarət ziyafət verilib. Sərgi Senatda 10 gün müddətincə davam edəcək.

Milli.Az