Motosiklet oğurlayan şəxs saxlanıldı - FOTO

21 May 2019 17:09

Astara rayonunun Şahağacı kənd sakininin yaşayış evinin həyətindən "Muravey-2M-01" markalı motosiklet oğurlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 19-da gecə saatlarında ona məxsus yaşayış evinin həyətindən "Muravey-2M-01" markalı motosikletin oğurlandığını bildirib.

Astara RPŞ əməkdaşlarının keçirdiklərinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətmiş şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı "Muravey-2M-01" markalı motosiklet aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az