Sığalın öz yeri var, şillənin öz yeri

23 May 2019 23:55

Mübarək Ramazan ayı ekvator xəttinə yetişdi. Bu günlər ərzində hər kəs bacardığı kimi, imkanları dairəsində fürsətdən istifadə etməyə, mümkün qədər çox savab qazanmağa can atır. İlahiyyatçılarımız da digər aylardan fərqli olaraq daha intensiv fəaliyyət göstərir, daha tez-tez dini cameyə üz tutub ilahi kəlamları bizə çatdırırlar. Bu çatdırılma prosesində də hər kəsin öz üslubu, öz yanaşma prinsipi var. Sözümüz də elə bu yanaşmalar haqqındadır. Xüsusən də nəzərə alsaq ki, yaxşılığa dəvət və pislikdən çəkindirmə hər bir müsəlmana vacibdir və hər bir müsəlman da bu dəvət və çəkindirmə zamanı düzgün davranmalı, səhvə yol verməməli, necə deyərlər, qaş düzəltdiyi yerdə göz çıxarmamalıdır...

Milli.Az deyerler.org-a istinadən bildirir ki, daha əvvəllər də, elə indi də dindarlar arasında belə bir fikir formalaşıb: "Filankəs dini mülayim tərzdə izah edir, filankəs isə sərtliyə yol verir". Bu ifadələr, belə bir bölgü nə dərəcədə düzgündür?

Əslində, Allahın dini hamı üçün eyni simada olmalıdır. Yaradan Öz Kitabında həm ""Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin" buyurur, həm "gözəl tərzdə bəhs edin" göstərişini verir, həm də "günahkarlar cəhənnəmdə yanacaq" xəbərdarlığını edir. Zənnimizcə, bütün bu əmrləri elə kompleks şəkildə də qəbul etməli və əməldə reallaşdırmalıyıq. Tutaq ki, kimsə Ramazan ayında oruc tutmur. Bu insana hansı sözlər deyilməlidir? Variantlar müxtəlifdir və onların hamısından müəyyən dərəcədə istifadə edilir. Bəzən eşidirsən: "Canın sağ olsun, inşallah, gələn dəfə tutarsan". Bəzən "Hayıf, gərək tutaydın" deyillər. Bəzən isə "Niyə tutmadın ki? Çətindir?" deyə soruşurlar. Bütün bu sözlərin yeri var. Ancaq adama lap yumşaq formada olsa da çatdırmaq lazımdır: "Əzizim, sən oruc tutmamaqla günah edirsən, Allahın əmrinə asi olursan. Adamın Cəhənnəmə getməsi onun günahlarının çoxluğu ilə müəyyənləşir. Sən də bu bir ay ərzində durmadan, dayanmadan günah səbətini ağırlaşdırırsan".

Yaxud kimsə namaz qılmır. Ona namazın bütün fəzilətlərindən, axirətdə ilk soruşulan əməl olacağından, bəndəni nə qədər Allaha yaxınlaşdırması haqqında çoxlu moizələr etmək olar, lazımdır da. Ancaq bununla yanaşı "sizə cəhənnəmə salan ... namaz" ayəsini də xatırlatmaq zəruridir. Yəni insan anlamalıdır ki, namaz qılmamaq iş yerində müdirin göstərişindən yayınmaq, avtobusda yaşlı qadına yer verməmək üçün özünü yuxuya vurmaq kimi əməllərlə bir sırada dayanmır. Söz yox, onlar da başucalığı gətirən davranış deyil. Amma namaz qılmamaq barədə Allahın konkret göstərişi var. Bunun sonu Cəhənnəmdir.

Yekunda sözümüzün canını formalaşdıraraq qısa şəkildə deyə bilərik: istər minbərdən danışan ilahiyyatçı olsun, istərsə də yaxın ətrafına xitab edən sıravi dindar: başa sığal çəkməyin də yeri və qədəri var; üz-üzə dayandığımız şəxs Allah qarşısında daşıdığı məsuliyyəti, vəzifələrini və bunlara əməl etməyəcəyi təqdirdə çəkəcəyi cəzanı tam anlamalıdır.

Milli.Az