"Qalibi davada sındırmaq istəyiblər, pis sözü..." - Ölən tələbənin əmisi

21 May 2019 12:38

Bir neçə gün öncə Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri arasında baş verən davada ölən Qalib Əskərovun istintaq işi davam etdirilir, bu haqda məlumatlar açıqlanmır.

Milli.Az xəbər verir ki, bunu news24.az-a mərhumun əmisi Əkrəm Əskərov bildirib. "Maraqlısı odur ki, qətl hadisəsi olduğu halda cinayət işi xuliqanlıq maddəsi ilə iş açılıb. Ortada ölüm var, səbəbi ilə bağlı araşdırma aparılır. İstintaqın işinə qarışmaq səlahiyyətim yoxdu. Amma fakt odur ki, bizim uşağımız əldən gedib. Davanın nəyin üstündə olması da istintaqdan sonra deyiləcək", - Əkrəm Əskərov deyib.

Onun sözlərinə görə, mərhum Qalib Əskərovun epilepsiya xəstəsi olması xəbəri də yanlışdır: "Qalib sağlam uşaq idi, idmançı idi, 106 kq çəkisi, 196 sm boyu var idi. Onun idealı Mübariz İbrahimov idi. Həmişə deyərdi ki, ana, mən də gedərəm, Mübariz kimi Vətən uğrunda şücaət göstərərəm. Amma uşağımız heç nəyin badına getdi. Kollecin içində mübahisə başlayıb, koridora keçiblər. Təkbaşına müqavimət göstərib, sonda onun başına dəmir alətlə zərbə endirilib. Bu, istintaq tərəfindən araşdırılacaq. Müxtəlif fərziyyələr var, çox güman ki, kəllə-beyin travmasından beyninə qansızma olub. Qalib Rusiya vətəndaşı idi, hələ yetkinlik yaşına çatmamışdı. Polis Akademiyasına hazırlaşırdı, arzuları çox idi...".

Mərhum tələbənin əmisi onu da qeyd etdi ki, məsələ ilə bağlı mətbuat konfransı keçirməyi də planlaşdırırlar: "Mətbuat konfransı da keçirməyi düşünürük, sadəcə, istintaqın gedişinə mane olmamaq üçün hələlik gözləyirik".

Ə.Əskərov söhbət əsnasında bildirdi ki, o, iki qardaşını itirib, onlardan biri şəhid olub: "Mənim bir qardaşım Qalib Əskərov 1994-cü ildə Qarabağda gedən döyüşlərdə şəhid olub. Digər qardaşım da Sovet Ordusunda xidməti borcunu yerinə yetirərkən həlak olub. Qalibə şəhid qardaşımın adını vermişdim. Bir şəhidi iki dəfə necə öldürmək olar?! Onu həmin davada sındırmaq istəmişdilər. Ondan üzr istəmək tələb olunub, ağır şərtlərlə pis sözü boynuna almalarını istəyiblər. O da bunu eləməyib. Tələbələr bunu deməyə qorxurlar. Amma biz bunların hamısını istintaqa bildirmişik".

Qeyd edək kİ, Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri arasında ölümlə nəticələnən dava ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərzadə dünyasını dəyişib.

Milli.Az