Nazir müavini: "KOBİA nəzdində ictimai şuranın yaradılması biznes sahəsində koordinasiyanı gücləndirəcək"

20 May 2019 14:14

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nəzdində ictimai şuranın yaradılması sosial amilin güclənməsinə yönəlmiş zəruri addımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu" mövzusunda forumda deyib.

O bildirib ki, bu amil biznes sahəsində cəmiyyətin sosial iştirakını təmin edəcək, eləcə də biznes strukturları və sahibkarların qarşılıqlı fəaliyyətini genişləndirəcək:

"Dövlət siyasətinin əsas vektorlarından biri vətəndaş cəmiyyəti ilə dövlət arasında əlaqənin güclənməsinə yönəlib. Bu, biznes sahəsində də özünü göstərir. Biz sahibkarların "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində yaranmış problemlərinin həllində ölkə rəhbərliyinin çevik siyasətinin şahidi olduq. KOBİA tərəfindən həyata keçirilmiş böyük iş nəticəsində hadisənin bütün fəsadları aradan qaldırılır. 460 sahibkarın problemləri həll edildi".

N.Səfərov qeyd edib ki, KOBİA nəzdində ictimai şuranın yaradılması biznes sahəsində koordinasiyanı gücləndirəcək və vətəndaş cəmiyyətində obyektiv rəyin formalaşmasına xidmət edəcək.

Milli.Az