Gürcüstan MSK: "Marneulidə seçkiyə mane olan iki müşahidəçi seçki məntəqəsindən uzaqlaşdırılıb"

19 May 2019 15:06

Bu saata qədər Gürcüstanda keçirilən aralıq və növbədənkənar seçkilərlə əlaqədar 24 şikayət daxil olub.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze açıqlayıb.

Şikayətlərdən 13-ü Zuqdidi, 7-si Marneuli, 1-i Zestaponi və 3-i Xulo rayonundan daxil olub. Bundan başqa, bəzi media nümayəndələrinin akkreditasiya olmadan seçki məntəqəsinə daxil olmağa çalışdığı bildirilib.

Marneulidə yerləşən 68 və 49 nömrəli seçki məntəqələrində isə iki müşahidəçi komissiyanın işinə mane olduğu əsas göstərilərək məntəqədən xaric edilib.

Qeyd edək ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq azərbaycanlı namizədlərə məxsusdur.

Milli.Az