Arzunun Ramazan ayı sürprizi

21 May 2019 23:50

Ramazan ayı başlayandan artıq bir neçə gün keçmişdi. Bu günlər ərzində balaca Arzu evlərində həmişəkindən fərqli əhval-ruhiyyə hiss edirdi. Evdəki hər kəsin üzündə bir sevinc, gözəllik hiss olunurdu. Arzunun atası Bəhram və anası Əminə bacardıqca bu ayın bütün gözəlliklərini yaşamağa çalışırdılar. Onlar sübh azanından qabaq yuxudan oyanıb obaşdan süfrəsinə oturur, sonra isə namaz və dualarla məşğul olurdular.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, adəti üzrə ata səhər açılanda işə gedir və Əminə xanım isə ev işləri ilə, xüsusilə də axşam üçün iftar süfrəsi hazırlıqları ilə məşğul olurdu. Axşam iftar vaxtı Arzugilin evi qonaqlı-qaralı olurdu. Bəzən isə onlar özləri kiminsə dəvəti ilə qonaq gedirdilər. Bütün bunlar Arzunun çox xoşuna gəlirdi. Çünki bu iftar qonaqlıqlarında yeni həmyaşıdları ilə tanış olur, özünə yeni rəfiqələr tapırdı.

Bu gün isə bazar günü idi. Bu səbəbdən də ata işə getməmişdi. Valideynlərinin söhbətindən Arzu anladı ki, bu gün də onlar harasa qonaq getmək fikrindədirlər. O da tez gedib paltarlarını hazırladı. Bunu görən anası Arzuya dedi:

- Qızım, Arzu. Biz bu gün atanla Səkinə nənəyə baş çəkməyə gedəcəyik. O, bizim köhnə məhəllədə qonşumuz idi. Kimsəsi yoxdur. İndi isə eşitmişik ki, bərk xəstədir.

- Bəs məni aparmırsınız?

Atası Arzuya yaxınlaşdı:

- Arzu, eşitdin ki, anan dedi Səkinə nənə bərk xəstədi. Uşaqlar belə yerə getməsə, daha yaxşıdır. Biz isə getməliyik. Qızım, Ramazan ayı təkcə oruc tutmaqla bitmir. Bu ayda gərək insanlar bir-birinə daha diqqətli olsunlar. Axı onun heç kəsi yoxdur. Qayğıya, nəvazişə ehtiyacı var. Bəlkə heç dərmanlarını da ala bilmir.

- Mən evdə tək qalacam?

- Yox, - deyə ana Səkinə nənə üçün aldığı sovqatları stolun üstünə qoydu, - yox, ay Arzu. Sevincə demişəm biz gedib-qayıdana qədər səninlə otursun. Sən ki, Sevinc bacını çox istəyirsən. Bax, tətil başlayandan sən heç dərslərini təkrarlamamısan. Elə yaxşı oldu. Sevinclə oturub dəftər-kitaba əməlli-başlı baxarsınız. O, sənə kömək edər. İstəsəniz, şahmat da oynayarsınız.

Arzu dodaqlarını büzdü. Gözləri doldu:

- Mən də sizinlə getmək istəyirəm. Burada qalmaq istəmirəm.

Elə bu zaman qapının zəngi çalındı. Gələn, qonşunun qızı Sevinc idi. Sevinc məktəbdə yuxarı sinifdə oxuyurdu. O, bu ailəni, xüsusən də Arzunun anası Əminəni çox sevirdi. Sevinc içıri keçib, Arzunun üzündən öpdü:

- Əminə bacı, siz gedin. Heç nədən də nigaran qalmayın. Biz bu günü Arzu ilə çox maraqlı keçirəcəyik.

- Çox sağ ol, Sevinc. Biz gedək. - Sonra o, üzünü Bəhrama tutdu: - Biz gedib-qayıdınca axşam olacaq. İftar süfrəsində bir əyər-əskik olsa, sən canın, üzrlü hesab elə. Çünki çatdıra bilməyəcəm. Sənin sevimli şorbanı bişirməyə vaxt olmayacaq.

- Gəl, gəl görək. Bir gün iftarda şorba olmasa, nə olacaq ki? Tez ol, düş aşağı.

Onlar getdikdən sonra Sevinc qapını bağlayıb, otağa keçdi:

- Hə, getdilər. Arzu, niyə qaş-qabağını sallamısan? Yaxın gəl. Gəl divanda oturaq. Bax, sənə nağıl kitabı gətirmişəm. Şəkilləri də var. İstəyirsən, oxuyaq.

Arzu çiynini çəkdi:

- Yox, istəmirəm.

- Bəlkə dərs kitablarına baxaq səninlə?

- Yox, - Arzu bu dəfə başını qaldırıb, acıqlı baxışlarla Sevincə baxdı.

- Şahmatı çox sevirsən, bilirəm. Onda gəl, səninlə şahmat oynayaq.

- İstəmirəm! Heç nə istəmirəm! Mən atamgillə getmək istəyirdim. Sən niyə gəldin ki?!

Sevinc ona yaxınlaşıb, boynunu qucaqladı:

- Mənə acığın tutub? Sən heç belə etməzdin. Nədir, yoxsa məndən küsmüsən, hə?

Arzu başını aşağı salıb, susurdu.

- Heç belə gözəl günlərdə də küsmək olar? Ramazan ayında küsülülər barışır, bir-birini bağışlayır, könlünü alırlar ki, Allah da onları bağışlasın.

- Mən ki, oruc tutmuram. Bu sözlər sənə aiddir. Çünki sən oruc tutursan.

Sevinc güldü:

- Ay səni, Arzu! Sənin yaşın azdır axı. Ona görə hələ oruc tutmursan. Mən də bu il ilk dəfədir ki, oruc tuturam. Sağ olsun Əminə bacı. Mən heç orucun vacib olduğunu bilmirdim. O, mənə dinimiz haqqında çox şeyi, hətta Quran oxumağı da öyrədib. Ramazan ayının əməllərini də ondan öyrənmişəm. Mən səni də, Əminə bacını da çox sevirəm. Sən xoşbəxtsən ki, belə bir ailən var.

Arzunun çatılmış qaşları açıldı, üzünə sevinc qondu. O da Sevincin boynunu qucaqladı:

- Mən də səni çox istəyirəm, Sevinc bacı.

- Barışdıq?

- Hə, barışdıq.

- Bax, sən hələ oruc tutmasan da, başqa gözəl hərəkətlərinlə bu ayın savabını qazana bilərsən.

- Mən nə edə bilərəm ki?

- Gəl səninlə bərabər bu axşama iftar süfrəsi hazırlayaq, hə? Valideynlərinə sürpriz edək. İstəyirsən?

- Əlbəttə ki, istəyirəm. Amma mən heç vaxt yemək hazırlamamışam. Həm də anam mənə qaz plitəsinə əl vurmağa icazə vermir.

- Qorxma, qaz plitəsinə mən baxaram.

Arzu əllərini sevinclə qaldırdı:

- Ura! Bu gün mən ilk dəfə yemək bişirəcəyəm! Amma mən özüm edəcəyəm hamsını. Sən ancaq məni başa salarsan, yaxşı? Bilirsən, atam iftarda həmişə şorba yeməyi sevir. Gəl şorba bişirək.

... Yarım saatdan sonra artıq mətbəxdə qızğın iş gedirdi. Arzu tərəvəz və göyərtiləri balaca əlləri ilə səliqə ilə doğrayıb, Sevincə verir, Sevinc isə oları qazana töküb qarışdırırdı. Həhayət, hər şey hazır oldu. Arzu hətta salat da hazırlamışdı. Axşam azanına az qalırdı. Qızlar boşqabları və hazırladıqları yeməkləri stola düzüb, gözəl bir süfrə bəzədilər. Arzu böyük həyəcanla valideynlərinin gəlməsini gözləyirdi. Həhayət, qapı döyüldü. Onlar qapını açdılar. Ata dəhlizdə ayaqqabılarını çıxara-çıxara dedi:

- Bəh-bəh, evdən nə gözəl şorba ətri gəlir!? Ay Arzu, nənə bizə gəlib?

Onlar otağa daxil oldular. Nənəni görməyincə, hər ikisi təəccüblə süfrəyə baxdı:

- Bəs bütün bunları kim edib?

- Arzu edib, Əminə bacı. Mən sadəcə sorba məsələsində ona kömək etmişəm. Biz bu gün sizə iftar süfrəsi hazırlamaqla sürpriz etmək düşündük.

- Hər şey çox gözəldir, qızlar! Çox sağ olun. Mən heç bilməzdim ki, mənim qızımın evdarlığa, kulinariyaya bu qədər həvəsi var!

- Yox, ana. Mənim məqsədim təkcə kulinariya öyrənmək deyildi. Mən də bu Ramazan ayında nəsə etmək istədim. Sevinc mənə hər şeyi başa saldı. Bu, heç də çətin deyildi və mənim çox xoşuma gəldi. Hətta icazə versəydiniz, mən də sizə qoşulub oruc tutmaq istərdim.

Ata yaxınlaşıb Arzunun üzündən öpdü:

- Ay mənim ağillı qızım. Nə olar ki? Oruc tutmaq istəyirsənsə, biz də səni obaşdan vaxtı oyadarıq. Sən günorta azanında iftar açarsan, biz isə axşam azanında. Danışdıq?

Hə, Əminə, gəl namazımızı qılaq. Sonra isə qızımızın bişirdiyi şorba soyumadan iftar edək. Sevinc, qızım, sən də qal. Bizimlə iftar edərsən.

... Bir neçə dəqiqə sonra ailə üzvləri süfrə ətrafına toplaşmışdı. Elə bil ki, otaq Ramazan ayının nuruna qərq olmuşdu. Hamının üzündə məmnunluq, xoş əhval hiss olunurdu. Ən çox sevinən isə Arzu idi. Axı o, bu gün öz valideynlərinə ilk dəfə yemək hazırlamışdı. Bu, onun ilk Ramazan töhfəsi idi...

Milli.Az