Uşaqlarda ağız içi yaraları: Nə etmək lazımdır?

25 May 2019 20:10

Stomatitə - ağız içində yaranan yaralara böyüklərlə yanaşı uşaqlarda da rast gəlinir.

Uşaqlarda stomatit hansı hallarda yaranır? Bu zaman hansı tədbirləri görmək lazımdır?

Milli.Az e-tibb.az-a istinadən pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun fikirlərini təqdim edir:

Stomatit- ağız içində ortaya çıxan ağrılı yaralar 1-5 mm ölçülü olub ortası ağımtıl, sarımtıl, ətrafı qırmızı olur. Bəzi genetik xəstəliklər, ağız gigiyenasının yaxşı olmaması, immun sisteminin zəifləməsi, qan azlığı, stress, vitamin və mineral çatışmazlığı (B1, B2 , B12, Sink və. s) bu yaraların üzə çıxmasına şərait yaradır. Ən çox qarşımıza boğaz iltihabı fonunda çıxır. Bu zaman müqavimət düşür, ağız boşluğunda mikrobların təsiri nəticəsində iltihablaşmalar yaranır. Yaralar çox ağrılı olduğuna görə uşaqda iştahsızlıq, danışmaqda çətinlik, ciddi narahatlıq yaradır.

Müalicəsi səbəbə görə edilir. Əsasən antiseptik qarqaralardan, göbələk infeksiyası da olarsa, göbələk əleyhinə siroplardan istifadə edilə bilər. Yaralar çox olub iltihablaşma yaratsa və qızdırma olsa, belə halda antibiotiklərdən də istifadə oluna bilər. Xəstəlik ağır olmasa da, ağrılı olduğu üçün uşaq yemək yemir, halsız qalır bu səbəbdən xəstəxana şəraitində sistem də qoşula bilər. Bundan əlavə, stomatit zamanı turş, acı, sitrus meyvələrin və s. qəbul olunması da məsləhət deyil.

Milli.Az