Aygün Bəylərin əmisi nəvəsini öldürən qardaşı Ali Məhkəməyə müraciət etdi

16 May 2019 14:01

Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov və qardaşı Elnur Əsirov Ali Məhkəməyə müraciət ediblər.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxslərin müraciəti ilə bağlı məhkəmə baxış iclası may ayının 29-da hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, 2016-cı il avqustun 29-da Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.

Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Cavid Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə öldürülüb. Sonra həmin şəxslər cinayətin izini itirmək məqsədilə meyiti basdırıblar və üstünü betonla örtüblər.

İstintaq-əməmliyyat qrupunun üzvləri tərəfindən hadisə yerinə baxış keçirilib və mərhumun meyitinin qalıqları ekskumasiya olunaraq ekspertizaya təqdim edilib. İşin mürəkkəbliyi nəzərə alındığı üçün cinayət işi Suraxanı rayon Prokuroroluğundan götürülüb və Bakı şəhər Prokurorluğuna göndərilib. 
Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşıdır, mərhum isə əmisi nəvəsi olub.

İstintaqla müəyyən edilib ki, qrup üzvləri 2013-cü ilin fevral-mart aylarında Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin həyətyanı sahəsində narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər. Təxminən iki aydan sonra onlar Elnur Hümmətovun bu barədə polisə məlumat verməsindən şübhələniblər.

Bu məqsədlə son vaxtlar onlardan kənar gəzən Elnuru axtarıb tapıblar və evə gətirərək, orada saxlayıblar. Ertəsi gün Hümmətovun qaçmağa cəhd etdiyini görən şəxslər onu boğaraq, qəsdən öldürüblər və sonra quyu qazaraq, meyitini orada basdırıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədzadə, E.Alxazov və R.Əsirov 15 il, A.Hümmətov və C.Alxazov beş il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. E.Əsirov barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi, müdafiəçilər apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə protest və şikayətlər təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.

Milli.Az