“Hind filmləri sevgi hisslərini öldürür” - YENİLƏNİB

15 May 2019 14:38

14:38

Azərbaycanda televiziya ekranlarında yayımlanan hind filmləri tamaşaçılar arasında bütün məhəbbət hisslərini öldürür.

Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Beynəlxalq Ailə günü"nə həsr edilən "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır" adlı konfransda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, hind filmlərində təbliğ olunan dəyərlər ailəyə, anaya, övlada məhəbbəti aradan qaldırır.

O, həmçinin Azərbaycan filmlərində qayınanaların mənfi obrazda təqdim olunmasına münasibət bildirib:

"Biz buna görə dərin təəssüf hissi keçiririk. Axı, qayınana cəmiyyətdə niyə mənfi obraz olmalıdır?"

M.Qurbanlı ev heyvanları saxlamağın insan psixologiyasına müsbət təsirlər göstərdiyini deyib:

"Azərbaycanda ev heyvanlarını saxlamaq lazımdır. Bu heyvanlar bəzən beyinləri rahatlaşdırır".

---------
13:05

Təəssüf ki, bədii ədəbiyyatımızda, filmlərimizdə mənfi qaynana obrazı yaradılır. Mən bir dənə də müsbət qaynana obrazı görmürəm. Bu da psixoloji gərginlik yaradır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Beynəlxalq Ailə günü"nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır" adlı konfransda çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, ölkə gəncləri kənar təhdidlərdən özünü qorumalıdır. Bu kənar təhdidlərdən qorunmağın yolu onlarda hissiyyatı gücləndirməkdir.

Komitə sədri daha sonra qeyd edib ki, Azərbaycanın nümunəvi ailələri cəmiyyətə təqdim edilməlidir.

Ailə dəyərlərimizin televiziyalarda daha çox təbliğ edilməsini vacib sayan M.Qurbanlı hesab edir ki, sağlam ailələr güclü dövlətin təməlini təşkil edir.

Milli.Az