Ailə həyatı quran xanımların cehiz verməsi məcburidirmi? - VİDEO - FOTO

15 May 2019 12:34

Toy adət ənənəsi xalqımızın ən sevimli adətlərindən biridir. "Toyunu görək", "toyunda oynayaq" kimi ifadələr işlədilməsi bu adətə nə qədər önəm verildiyinin göstəricisidir. Elə buna görə də insanlar toy edərkən hər şeyin ən yaxşısını etmək istəyir ki, bu da bəzən mümkün olmur. Nəticədə üz tutmalı olurlar banklara.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Fərid Abbasov - Sakin: "Məclis edirdilər, nişan gəldi, elçi, plov gəlirdi, nə gəlirdi o formalarda kreditlə yola verilirdi. İndi kreditlə təsəvvür elə götürülürsə, qaytarmaq olmur axı, problemlər ondan sonra başlayır". 

Səbinə Bağırova - Sakin: "Oğlan məcbur edir, ay belə bişey gətirmədi, ay filan şey yaddan cıxdı. Əgər kreditə girirsənsə, heç ona girmək lazım deyil".

Həsənov Mərdan - Sakin: "Kredit götürürdülər, məclisi yola verirdilər. Amma indi isə risk etmək istəmirlər, o kredit də sonradan qalır. Onun ödənişi sonradan cətinləşir problemləri nəzərə alaraq indi belə hallar çox da olmur".

Əkil Kazımov - Sakin: "1-ci ağıllı gənc fikirləşir ki, mən elə eliyim ki, özümə bir yol qoyum ki, mən çörək pulu qazana bilim. Öz kreditimi ödəyə bilməyəcəmsə, valideynimi borca salıramsa, valideynimə qarşı xəyanət edirəm".

Əvvəllər toydan əldə olunan gəlirlə yeni cütlüklərin cehiz, avtomobil və b. ehtiyaclarının qarşılanması mümkün olurdusa, indi yalnız restoran və müğənni xərclərini ödəmək mümkündür. Bu vəziyyətə ən çox şadlıq evlərindəki qiymətlər səbəb olur. Bu qiymətlərə görə həm məclis sahibi, həm də qonaqlar maddi çətinliklərlə üzləşirlər.

Ehtiram Fəttayev - Vəkil: "Cehiz əşyaları nağd şəkildə almaq imkanları olmur və həmin kreditlərin ödənişlərində gecikmələr baş verəndə öhdəlik pozulmaları halları olan zaman artıq həmin şərti girov kimi götürülmüş məhz cehiz əşyaları üzərinə müəyyən məhdudiyyətlər qoyulur həbs qoyulur, hətta nəticə etibarı ilə girov əmlakların geri alınmasına qədər məsələlər mübahisələndirilir".

Əlbəttə, bütün bu cür xoşagəlməz hadisələrə baxmayaraq yenə də bu yolla xeyir iş edənlər yüzlərlədir. Qohum-qonşunun necə deyərlər dillərində dastan olmaq üçün nəinki kredit alan, hətta şəxsi mülkiyyətində olan əşyaları satanlar da var.

Rəşad Əsgərov - Sosioloq: "Toylar, sanki, böyük bir festivala bənzəyir. Toylara da, məsələn, 500-1000 nəfər insanı dəvət edirlər .Valideynlər uşaqları üçün banklardan böyük kredit götürüb toy edir və sonra ömrünün axırına kimi bu krediti verməyə məcbur olurlar. Amma daha yaxşı olar ki, bu kimi israfçılıq hallarından insanlar azad olsunlar. Daha çox kiçik, yəni yaxın qohum-əqrəba və yaxud tanışlardan ibarət şad günləri qeyd etsinlər. Bununla da həm valideynlərin üzərinə böyük məsuliyyət düşər, həm də övladlar xoşbəxt olarlar.

Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə təkliflər səsləndirilsə də, məsələ hələ də öz həllini tapmayıb. Təbii ki, bütün vətəndaşlar üçün qəbul edilən, daha doğrusu bütün vətəndaşları məmnun salacaq qaydaların müəyyən edilməsi çox çətin, bəlkə də mümkünsüzdür. Lakin yaranan problemlərdən nəticə çıxarmaq mümkündür.

Milli.Az