Windows 10-lu qurğuların sayı 900 milyonu ötüb

16 May 2019 08:05

"Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən aktiv kompüterlərin ümumi sayı 900 milyonu ötüb. Bu barədə "Microsoft" korporasiyasının nümayəndələri Sietldə keçirilən "Build 2019" konfransında bildiriblər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ istehsalçısının nümayəndələrinin sözlərinə görə, tezliklə istifadə olunan kompüterlərin əksər hissəsi "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Xatırladaq ki, "Windows 10" sistemi 2015-ci ildə buraxılsa da, kompüter istifadəçiləri uzun müddət "Windows 7" əməliyyat sistemindən imtina etmək istəməyiblər. 2018-ci ilin sonunda isə "Microsoft" korporasiyası "Windows 7" sisteminin 2020-ci ildə dəstəklənməsini dayandıracağını açıqlayıb.

"Net Applications" şirkətinin məlumatına görə, 2019-cu ilin aprelində "Windows 7" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların sayı kompüterlərin ümumi sayının 36,43 faizini təşkil edib. Bundan başqa, "Windows 10" sisteminin payı 44,10 faizədək artıb.

Milli.Az