iPhone 2019-un yeni fotosu

16 May 2019 22:40

Bloomberg saytının jurnalisti Mark Gurman öz Twitter hesabında iPhone 2019 modelinin yeni fotosunu təqdim edib. Təqdim olunmuş foto iPhone 2019 barəsində daha öncə çıxmış məlumat sızıntılarını təsdiqləyir.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu barədə Macdigger saytı xəbər verib. Fotoda əks olunmuş cihazların mulyaj formaları bir neçə müddət bundan öncə OnLeaks adlı məşhur insayder tərəfindən təqdim olunmuş fotolardakı cihazlara bənzəyirlər.

Qeyd etmək lazımdır ki, OnLeaks tərəfindən təqdim olunmuş fotolarda da bu ilki iPhone modellərindən ikisinin arxa panelində kvadrat formasında yerləşdirilmiş üçlü arxa kamera var idi. Təqdim olunmuş yeni fotodan görmək olar ki, iPhone XI modelində arxa kameralar xüsusi kvadrat formalı sahənin daxilində yerləşərək üçbucaq formasını yaradacaq. Smartfonun işıqlandırma sistemi və mikrofonu isə həmin kvadrat hissənin künclərində yerləşəcək.

Fotodakı ikili arxa kameraya sahib cihaz isə çox güman ki, iPhone XR 2019 modelidir. Onun ikili kamerası da həmin kvadrat formalı sahənin daxilində yerləşir. Güman olunur ki, iPhone XI ilə iPhone XI Max modellərindəki üçüncü kamera modulu Sony şirkəti tərəfindən hazırlanan ultragenişformatlı sensordur.

Milli.Az