"Qızıl çinar" beynəlxalq mükafatının builki qalibləri elan olundu.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimova və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktor müavini Zərifə Məmmədovaya "Qızıl çinar" beynəlxalq mükafatlarını təqdim etdi.
Daha sonra dövlət başçısı İlham Əliyev və ölkənin birinci xanımı sənətçilərlə görüşdülər.
Onların arasında tanınmış aktyor, xalq artisti Rasim Balayev də vardı.
"Babək" və "Nəsimi" rolları ilə könüllərdə taxt qurmuş aktyor kövrəlmişdi.
O, diqqət və qayğının əsirgənmədiyini anladığından yaşının ahıl vaxtına rəğmən, gözlərindəki gənclik eşqini, yaratmaq, çalışmaq istəyini gizlədə bilmirdi.
Dünən Azərbaycanın ən yeni tarixində yeni gün idi.
Ölkənin yeni "yol xəritəsi"nin açıqlandığı bir gün.
Azərbaycanın və xalqın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə, habelə Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim vardı dünən.
Heydər Əliyev çağdaş Azərbaycanın qurucusudursa, onun adını daşıyan fond Azərbaycanda yeni cəmiyyətin qurulmasında müstəsna işlər görərək sosiumda şəfqət, humanizm, inkişaf, açılım meyllərinin güclənməsinə və ümumi tərəqqiyə yönəlmiş proseslərin təşkilatlanmasına təkan verən ən başlıca qüvvələrdən ikincisidir.
Əsas qüvvə dövlət başçısıdır.
O, dünən nitqində ölkəmizin üzləşdiyi çağırışları konkret və aydın şəkildə təsnifləməklə yanaşı, məmləkətin və insanlarımızın bundan sonra görəcəkləri işləri sadaladı.
Həmin işlər artıq başlanıb və bu, Azərbaycanın yeni "yol xəritəsi"nin reallaşdırılmasına start verildiyinin nişanəsidir.
Eyni zamanda, Heydər Əliyev bir daha anıldı. Xatırlanmadı, çünki unudulan və gündəlik yaşamda ikinci plana keçən nəsnə, zamanın sıralamasında, sadəcə, tarixi şəxsiyyət qismində görülən kəslər xatırlanır.
Heydər Əliyev isə Azərbaycanın hər anında, hər məqamında və hər məkanındadır.
Hər insanın yaşamında olduğu kimi.
Əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı...
Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O isə öz həyatını Azərbaycan xalqına həsr etmişdi. Bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət etmişdi. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdi. Təkcə onu demək kifayətdir ki, sovet dövründə - 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdi. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdı, infrastruktur layihələri icra edilmişdi. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir.
Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərini və Azərbaycanda əldə edilmiş nəticələri nəzərə alaraq, 1982-ci ildə o, Moskvaya dəvət olundu, yüksək vəzifəyə - Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə də uğurla çalışırdı, o cümlədən Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar o vaxt da ölkəmizin inkişafına xidmət göstərirdi.
Yəni, o, Azərbaycanla daim maraqlanırdı, Azərbaycanda gedən işlərə böyük maraq və dəstək göstərirdi. 1987-ci ildə vəzifədən gedəndən sonra xalqımız, respublikamız üçün problemlər başladı. İki həftə də keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana verilməsi haqqında iddia qaldırdılar. Güclü Heydər Əliyev amili imkan vermirdi ki, bu məsələ bundan əvvəlki dövrdə qaldırılsın. Halbuki, belə cəhdlər, belə meyillər var idi. Ancaq Heydər Əliyev amili buna imkan vermirdi.
Əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, heç şübhəsiz ki, Dağlıq Qarabağ problemi heç vaxt yaranmazdı. O vaxtdan xalqımız üçün böyük problemlər başladı. Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsi yaradıldı və separatçı meyillər geniş vüsət aldı. Pensiyada olan Heydər Əliyev Moskvada yaşayırdı və hər zaman Azərbaycan haqqında düşünürdü. Görürdü ki, respublikada vəziyyət kifayət qədər mürəkkəbdir, xoşagəlməz hallar baş verir, respublika tənəzzülə uğrayır. Hadisələrin gələcək inkişafı göstərdi ki, onun təhlili, demək olar, tam dəqiq və düzgün idi.
Qanlı Yanvar faciəsindən dərhal sonra Heydər Əliyev öz səsini ucaltdı, öz xalqı ilə birlikdə olduğunu bildirdi və yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında çıxış edərək sovet rəhbərliyinin bu qəddar aktını qətiyyətlə pislədi. Mən bunun əyani şahidiyəm. Yadımdadır ki, biz daimi nümayəndəliyə gələndə orada çox böyük kütlə var idi, insanlar toplaşmışdılar, çox həyəcanlı idilər. Heydər Əliyevi görəndə onlar canlı dəhliz yaratdılar, kənara çəkildilər və Heydər Əliyev binaya daxil oldu. O vaxt Heydər Əliyev pensiyaçı idi, ona qarşı müxtəlif dövrlərdə qarayaxma kampaniyaları aparılırdı. Ancaq xalqın qəlbində o, lider, görkəmli şəxsiyyət, Azərbaycan xalqının böyük oğlu kimi yaşayırdı. Həmin gün ona göstərilən hörmət, əlbəttə ki, həmişə bizim yadımızda qalacaq.
Məhz Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Ali Məclisinin - ovaxtkı Ali Sovetin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar qərar ölkə miqyasında qəbul edilsin. Yəni, bu, tarixdir. Bu tarix bir daha göstərir ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqının yanında idi. Xalq ona böyük dəstək verirdi, o da gücü xalqın inamından, məhəbbətindən alırdı.
Azərbaycanda ovaxtkı vəziyyət bizim yadımızdadır. O vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi, gənc, müstəqil dövləti uçuruma aparırdı. Xaos, anarxiya, özbaşınalıq, total böhran hökm sürürdü, talançılıq, rüşvətxorluq baş alıb gedirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Siyasi, iqtisadi, hərbi böhran gənc dövlətin dayaqlarını sarsıdırdı. Azərbaycan xalqı bu xəyanətkar hakimiyyətə bir il dözə bildi. Bir ildən sonra onlar tarixin arxivinə göndərildi. O vaxt torpaqlarımız işğal altına düşdü. Şuşa, Laçın, Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı.
Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü və müraciət edərək onu dəvət etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı. Çünki tam qətiyyətlə deyə bilərəm ki, 1993-cü ilə qədər bizim dövlət müstəqilliyimiz şərti xarakter daşıyırdı. Atributlar var idi, ancaq ölkə müstəqil siyasət apara bilmirdi. 1993-cü il dönüş nöqtəsi oldu. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı. Çünki o vaxt Azərbaycanda siyasi sistem hələ formalaşmamışdı. Siyasi sistemin formalaşmasında 1992-ci ildə Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyasının rolunu qeyd etməliyəm. Onu da bildirməliyəm ki, özlərini demokrat adlandıran şəxslər o vaxt imkan vermədilər ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Bir qrup vətənpərvər ziyalı Naxçıvana gedərək Heydər Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayını keçirdilər.
Heydər Əliyevin təşəbbüsü ilə senzura ləğv edildi. O vaxt Azərbaycanda mətbuat azadlığı yox idi. Senzuranın ləğvi də Ulu Öndərin gələcəyə yönəlmiş baxışlarını tam əks etdirirdi.
Ordu quruculuğu prosesi başlamışdı. Çünki o vaxta qədər nizami ordu yox idi. İqtisadi sahədə çox ciddi islahatlar aparılmışdı, o cümlədən kənd təsərrüfatı sahəsində. O islahatlar ki, bu gün bizim apardığımız islahatlar üçün gözəl zəmin yaradır. Sənaye potensialının inkişafı ilə bağlı önəmli addımlar atıldı. Sərmayə qoyuluşu Azərbaycanda artıq bir amil kimi mövcud oldu. "Əsrin kontraktı"nın imzalanması, əlbəttə ki, tarixi hadisədir. 1994-cü ilin sentyabrında bu kontraktın imzalanması bu gün müstəqil Azərbaycanın inkişafını böyük dərəcədə təmin edib. Bu kontraktdan əldə edilən gəlirlər ölkəmizin bütün sahələrində özünü büruzə verir - insanların rifah halının yaxşılaşması, ordu potensialının gücləndirilməsi, məcburi köçkünlərin problemlərinin həlli, infrastruktur layihələrinin icrası. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, bu işləri nəyin hesabına görə bilərdik? Bu maliyyə imkanlarını bizə "Əsrin kontraktı" yaratdı
İrsin davamçısı və yeni siyasətin simvolu
2003-cü ildə prezident seçkiləri ərəfəsi. İlham Əliyev bəyan etdi ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirək.
Xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni, bu da tarixi nailiyyətimizdir. Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul etmişdir, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur.
"Münaqişə ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşamış və yaratmışdır. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında öz həllini tapmalıdır. Bu, yeganə yoldur və biz bu yolla gedirik və gedəcəyik", - dövlət başçımız dünən söylədi.
Biz bu illərdə digər sosial layihələri uğurla icra etmişik. Son 15 il ərzində əməkhaqqının, pensiyanın 10 dəfəyə yaxın artırılması bizim sosial siyasətimizi göstərir. Biz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görmüşük. Bu gün bu istiqamətdə işlər davam etdirilir. İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 15 il ərzində iqtisadiyyat 3 dəfə artıb, çox gözəl biznes mühiti yaradılıb. Dünya Bankının hesablamalarına görə, biz bu göstərici üzrə dünya miqyasında 25-ci yerdəyik. Yəni, islahatlar aparıldı və ölkə qarşısında duran problemlər həll olunmağa başlandı. Əgər biz buraya texnoloji inkişafı əlavə etsək, deyə bilərik ki, bu gün Azərbaycanın 3 peyki var, Azərbaycan kosmik klubun üzvüdür. Bu da böyük nailiyyətdir, tarixi nailiyyətdir. Enerji təhlükəsizliyi sahəsində görün nə qədər böyük işlər görüldü. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. Bu gəlir xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına yönəldilir. Bu gün biz daha böyük enerji layihəsini icra edirik və əminəm ki, uğurla başa vuracağıq. Baxmayaraq ki, açıq dənizə çıxışımız yoxdur, biz Azərbaycanı nəqliyyat mərkəzinə çevirmişik. Bu sahəyə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Çünki bundan sonra Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək öz büdcəsini artıracaqdır. Azərbaycana daxil olacaq vəsait, sadəcə, coğrafi vəziyyətdən və tranzit imkanlardan asılı olacaqdır.
Əlbəttə ki, əldə edilmiş nəticələr haqqında çox danışmaq, çox yazmaq olar. Amma bizim əsas vəzifəmiz gələcəyə baxışımızdır.
Biz necə inkişaf etməliyik, hansı yollarla inkişaf etməliyik?
Dövlət başçısı İlham Əliyev dünən dedi: "Bir şeyi qətiyyətlə deyə bilərəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz daim irəliyə baxmalıyıq. Dünya dəyişir, bölgə dəyişir, bölgədə yeni çağırışlar meydana çıxır, 15-20 il bundan əvvəl olan vəziyyət bu gün tamamilə fərqlidir. Bölgənin, dünyanın geosiyasi mənzərəsi tam fərqlidir və biz buna hazır olmalıyıq. Ona görə hər bir məsələ ilə bağlı biz çox operativ və çevik fəaliyyət göstərməliyik və göstəririk. Ölkəmizin maraqlarını müdafiə etməliyik. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq. Bu, asan məsələ deyil. Çünki hər birimiz yaxşı bilirik ki, dünyada gərginlik çoxalır, beynəlxalq hüququn normaları pozulur, bu normalara məhəl qoyulmur və ölkələr arasında gərginlik artmaqdadır. Ona görə bizim əsas məqsədimiz uğurlu xarici siyasətdən istifadə edərək ölkəmiz üçün mövcud olan və gələcək mümkün riskləri azaltmaqdır. Biz bu istiqamətdə fəal işləyirik. Ancaq deyə bilərəm ki, bu, asan məsələ deyil".
Gerçəkdən də, belədir. Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək.
Sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Dünyaya, beynəlxalq mənzərəyə baxın. Harada ki, sabitlik pozulur, ölkələr geriyə gedir, idarəolunmaz vəziyyətə düşür, ölkələrdə xoşagəlməz proseslər başlayır, xarici təsir artır, daxili çəkişmələr baş verir və ölkələr öz gələcəyini itirir. Son illər ərzində sabitliyi pozulan ölkələrin bugünkü mənzərəsinə nəzər salın. Nə görəcəyik? Müharibə, qardaş qanının tökülməsi, dağılmış şəhərlər, sıradan çıxmış infrastruktur, iflic vəziyyətə düşmüş sənaye, milyonlarla qaçqın-köçkün, çadır şəhərcikləri, o şəhərciklər ki, biz onlardan 2007-ci ildə xilas olmuşuq.
İlham Əliyev o vaxt, seçkiqabağı dövrdə söz vermişdi ki, 5 il ərzində bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Bunu biz 4 ilə etdik. Yəni, sabitliyin pozulması buna gətirib çıxarır. Hər bir insan bilməlidir ki, sabitlik böyük sərvətdir. Biz bunu çox böyük fədakarlıq göstərərək əldə etmişik.
Yadımıza 1990-cı illərin əvvəllərini salaq. Nələr baş verirdi? Azərbaycan idarəolunmaz vəziyyətdə idi, Azərbaycan müstəqil siyasət apara bilmirdi. Müxtəlif çaxnaşmalar, toqquşmalar ölkəmizi tamamilə iflic vəziyyətə salmışdı. Bundan istifadə edən Ermənistan torpaqlarımızı zəbt etdi. Əgər o vaxt Azərbaycanda sabitlik olsaydı və əgər o vaxt Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanın rəhbəri olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşə bilməzdi. Ona görə biz bilməliyik ki, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir. Bir daha demək istəyirəm ki, Azərbaycanda sabitlik möhkəm qorunur. Düzdür, bəzi cəhdlər göstərilir, tam iflasa düçar olmuş bəzi qruplaşmalar, hansılar ki, Azərbaycanı 1990-cı illərdə bərbad vəziyyətə qoydular, həmin dəstələr yenə də nə isə əldə etməyə çalışırlar. İndi onların mübarizə üsulu yalan, şər, böhtan, uydurma, iftiradır. Onların bundan başqa mübarizə üsulu yoxdur və müxtəlif media vasitələrindən istifadə edərək ölkəmizə qara yaxırlar. Həm ölkə daxilində, həm də xaricdə çox eybəcər bir mənzərə yaratmağa çalışırlar. Azərbaycan xalqı onları yaxşı tanıyır. Məhz onlar Azərbaycanı bərbad vəziyyətə qoydular, onlar ölkəmizi dağıtdılar, onlar vətəndaş müharibəsinə start verdilər, qardaş qanı tökdülər. Azərbaycan xalqı heç vaxt imkan verməz ki, antimilli, xəyanətkar ünsürlər Azərbaycanda nə isə əldə etsinlər. Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir.
İslahatlar yolu ilə gedəcəyik
Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik. Çünki bir daha demək istəyirəm, əldə edilmiş nəticələr, hesab edirəm ki, tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq. Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Əgər belə olmasaydı, milyardlarla dolları Azərbaycana kredit şəklində verərdilərmi? Əlbəttə ki, yox.
İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Biz əməkhaqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq. Biz hələ islahatların növbəti mərhələsinin başlanğıcındayıq və bu ilin dörd ayının yekunları deməyə əsas verir ki, çox böyük nəticələr əldə edilir. Bu, bizə imkan verir ki, sosial sahəyə həm maddi təminat, həm də islahatlar baxımından daha böyük diqqət göstərilsin. Dünən, Ulu Öndərin doğum günü ərəfəsində ilk DOST Mərkəzi yaradıldı. Bu da sosial təminat sahəsində bir inqilabdır. Necə ki, vaxtilə "ASAN xidmət" mərkəzi ictimai xidmətlər sahəsində bir inqilab oldu. Artıq 6 milyondan çox insan "ASAN xidmət"dən istifadə edib. Bu, Azərbaycan brendidir, biz indi bu brendi intellektual məhsul kimi başqa ölkələrə ixrac edirik. Ona görə islahatların davam etdirilməsi zəruridir və bunun başqa yolu yoxdur.
Yeniləşən Azərbaycanın Fondu
Dünən Heydər Əliyev Fondunun 15 illiyini qeyd olundu. On beş il bundan əvvəl Fond yaradıldı və bu illər ərzində bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər gördü.
Fondun təşəbbüsü ilə başlanan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı ölkə miqyasında geniş vüsət aldı və ondan sonra dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikildi, təmir edildi. Fond səhiyyə sahəsində çox böyük işlər görür və bir çox hallarda bu işlər haqqında heç məlumat da verilmir. Yəni, ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı - uşağı, xəstəni Fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb.
Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Mən Fondun əməkdaşlarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm və eyni zamanda, bildirmək istəyirəm ki, Fond Ulu Öndərin siyasi irsini təbliğ etmək üçün də böyük işlər görür.
"Biz Ulu Öndərin doğum gününü yaxşı nəticələrlə, böyük planlarla qarşılayırıq. Əminəm ki, bütün planlar reallaşacaq. Necə ki, bu günə qədər reallaşıb, bundan sonra da reallaşacaq. Çünki buna bizim iradəmiz də çatır, gücümüz də var, xalq da bizim siyasətimizi dəstəkləyir. Biz bundan sonra yalnız və yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyik". Azərbaycanın lideri İlham Əliyev belə dedi.
Yolumuz uğurlu olsun.
Elçin Alıoğlu
Milli.Az