Azərbaycanda cəriməni kim ödəsin: avtomobil sahibi, yoxsa onu idarə edən?

20 Oktyabr 2011 09:15
Etibarnamədən daha çox avtomobil alqı-satqısında, eyni zamanda idarə edilməsində istifadə olunur. Bəs etibarnamə əsasında avtomobil idarə edən sürücü qayda pozuntusu edərsə, onun cəriməsi və cəzası kimə tətbiq olunur? Qayda pozuntusu baş verən vaxt nəqliyyat vasitəsinin kim tərəfindən idarə olunduğu necə müəyyənləşdirilir?

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, etibarnamə əsasında avtomobil idarə edən şəxs barəsində nəqliyyat vasitəsinin daimi qeydiyyatda olduğu yerdə məlumat olur.

Şöbə rəisinin sözlərinə görə, avtomobil həm sahibinin adında da ola bilər, eyni zamanda etibarnamə ilə idarə olunursa, etibarnamə idarə edən şəxsin yaşadığı ərazi üzrə dövlət yol polisinin imtahan-qeydiyyat şöbəsində müvəqqəti olaraq qeydiyyata alınır. Ona görə də bu etibarnamə ilə sonuncu dəfə avtomobili kim idarə edibsə, bildiriş də həmin şəxsin ünvanına göndərilir. Bu zaman həmin şəxs avtomobili artıq idarə etmirsə, bu barədə vəsatət qaldıra bilər. Əgər həmin şəxs vəsatət qaldırsa ki, avtomobil özünün yox, sahibi tərəfindən idarə olunur, onda bildiriş avtomobil sahibinə göndərilir. Bu zaman avtomobil sahibi Dövlət Yol Polisinə dəvət olunur.

"Qayda pozuntusu baş verən vaxt nəqliyyat vasitəsi müəyyənləşdirlirmi" sualına cavab olaraq DYP rəsmisi qeyd etdi ki, inzibati xətaya yol veməmiş şəxsi inzibati məsuliyyətə cəlb etmək olmaz: "İnzibati Xətalar Məcəlləsində göstərilib ki, yalnız inzibati xətaya yol vermiş şəxs məsuliyyətə cəlb oluna bilər. Yol polisi tərəfindən müəyyənlləşdirilir ki, inzibati xəta törədilən zaman radara düşən maşının sükanı arxasında kim olub. Bu məqam müəyyənləşdirildikdən sonra həmin şəxs inzibati məsuliyyətə cəlb olunur".

Anar Məmmədov
Milli.Az