Koçaryanın xeyrinə qərar çıxarıldı

7 May 2019 17:59

Ermənistanın Konstitusiya Məhkəməsi dəmir barmaqlıqlar arxasında olan keçmiş prezident Robert Koçaryanın xeyrinə qərar çıxarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş erməni liderin vəkillərinin mətbuat xidməti məlumat yayıb.

"Konstitusiya Məhkəməsinin qərarına əsasən, kassasiya məhkəməsi həbs olunma ilə bağlı şikayəti yenidən baxması üçün aşağı instansiya məhkəməsinə yönləndirə bilməz, yekun qərarı kassasiya məhkəməsi çıxarmalıdır", - vəkillər "Facebook"da yazıblar.

Konstitusiya Məhkəməsi qət edib ki, yeni ortaya çıxan hallarla əlaqədar məhkəmə aktına yenidən baxılmalıdır.

Xatırladaq ki, Ermənistanın xüsusi istintaq xidməti 1 mart 2008-ci ildə keçirilmiş aksiyanın dağıdılması ilə bağlı cinayət işi üzrə iyulun 26-da (2018) keçmiş prezidentə qarşı rəsmi ittiham irəli sürüb. O, iki ay müddətinə həbs olunub.

Koçaryanın müdafiə qrupu həbs qərarı barədə Apellyasiya Məhkəməsinə şikayət edib. Apellyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlıq hüququnu əsas gətirərək, aşağı instansiya məhkəməsinin qərarını ləğv etsə də, sonradan kassasiya məhkəməsi işə yenidən baxılması üçün onu aşağı instansiya məhkəməsinə yönləndirmişdi.

Milli.Az