İslamda qadına münasibətin bəzi cəhətləri

12 May 2019 23:50

İslam dinində qadına münasibət və qadın hüquqları ilə bağlı çox tədqiqatlar aparılmış, kitablar yazılmışdır.

Lakin müsəlman dünyasında, eləcə də, ölkəmizdə bu sahədə ardıcıl maarifləndirmə işi aparılmasının zərurətini nəzərə alaraq, bu mövzuda bəzi qeydləri bir daha qısa tezislər şəklində təqdim etməyi məsləhət bildik.

Milli.Az islam.az-a istinadən bildirir ki, İslam dinində qadına münasibət digər səmavi dinlərdən xeyli fərqlənir.

a. Əgər yəhudilik və xristianlıqda Həzrət Adəmin (ə) qadağan edilmiş meyvədən yeyib cənnətdən qovulmasının səbəbkarı kimi onun həyat yoldaşı Həvva göstərilirsə, İslam dinində bu hərəkətin həm təşəbbüskarı, həm də icraçısı kimi Adəmlə (ə) Həvvanın hər ikisi göstərilir: "Biz dedik: "Ey Adəm, sən zövcənlə Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız". Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı" (Bəqərə, 35-36).

Xristian dünyasında bəşəriyyətin "ilk günahı"nın səbəbkarı qadın sayılır. Orta əsrlərdə xristian dünyasında qadınlara qarşı mənfi münasibətin kökündə də hər şeydən əvvəl bu amil dururdu. Xristian təsəvvüründə Həzrət İsa (ə) bəşəriyyətin, dolayısı ilə, Həvvanın simasında qadınların günahını yumaq üçün çarmıxa getmişdi. İslamda isə qadın "ilkin günah"ın baisi sayılmır və bu ağır, həm də mənasız ittihama görə məsuliyyət daşımır..

b. Islamda qadının kişinin qabırğasından yarandığı barədə nəzəriyyə də zəif sayılır. Qurani-Kərimdə buyurulur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq" (Hücürat, 13).

"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!" (Nisa, 1).

Bəzi hədislərdə Həvvanın Həzrət Adəmin (ə) qabırğasından yaradıldığı iddia edilsə də, bu hədislərin əksəriyyəti sənəd və məna baxımından zəifdir, bir qismi də şərhə ehtiyaclıdır. Məsum şəxslərimizin bəzi hədisləri bu iddianın tamamilə yanlış olduğunu bəyan edir.

c. Islam baxımından Allah qarşısında kişi ilə qadının dəyər cəhətdən heç bir fərqi yoxdur. Dəyər yalnız imana, təqvaya görə verilir: "Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır" (Hücürat, 13).

Qurani-Kərimdə və Peyğəmbərin hədislərində bir çox əmrlərlə bağlı müraciətlər ya ümumi şəkildə insanlara və möminlərə ("ya eyyuhənnas", "ya eyyuhəlləzinə amənu" şəklində) ünvanlanıb, ya da hər cinsin adı ayrı-ayrılıqda çəkilir: "möminin-möminat", "salihin-salihat" və s. Məsələn, Peyğəmbərin elm barədə hədisində də hər iki cins yanaşı xatırlanıb: "Elm öyrənmək hər bir müsəlman kişi və qadına fərzdir".

Əgər insanlar arasında milli, irqi, sosial, dil baxımından ayrı-seçkilik yoxdursa, cinsi baxımdan da heç bir ayrı-seçkilik ola bilməz. Mövcud fərqliliklər yalnız hüquq və vəzifələr baxımından vəzifə bölgüsünə aid olan məsələlərdədir. Bunları da normal qəbul etmək lazımdır. İşdə müdir-işçi, məktəbdə müəllim-şagird münasibətlərində fərq olduğu kimi, ailədə və cəmiyyətdə də bu fərqlər olmalıdır.

Ailə quran tərəflərin şərtləri

İslam dininə görə, ailə quran tərəflərdə bəzi şərtlərin olması məsləhətdir. Bu şərtlərin bir qismi qızla oğlanın (qadınla kişinin) özünə, bir qismi də onların valideynlərinə və vəlilərinə (valideyn olmadığı halda himayədarlarına) aiddir.

1. Valideynlərə, daha doğrusu, qızın atasına aid olan məsələlərdən biri bundan ibarətdir ki, gərək elçilərə qarşı çox vasvası davranmasın. Münasib bir oğlan elçiliyə gəldisə, qızı ona ərə verməyə razı olsun. Xüsusilə, oğlanın kasıblığını bəhanə gətirmək bəyənilmir. İmam Mühəmməd Baqir (ə), ondan məsləhət istəyən bir qız atasına yazmışdı: "Dindarlığını və əmanətdarlığını bəyəndiyin bir adam qapına elçi gəlsə, hər kim olursa-olsun, qızını ona ver. Əgər belə etməsəniz, yer üzündə fitnə və böyük fəsad yaratmış olarsınız" (Məkarimül-əxlaq, 1-ci cild, səh. 388).

İmam Rza (ə) kasıblığına görə oğlana qız verməyən atalara nəsihət verirdi: "Dinini və xasiyyətini bəyəndiyin adama qızını ver. Onun kasıblığı sənə mane olmasın. Çünki Allah buyurub: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər" (Nur, 32)" (yux. mənbə).

Milli.Az