Baş nazir: Gürcüstan hökumətində dəyişiklik gözlənilmir

4 May 2019 22:51

Hazırda Gürcüstan hökumətində hər hansı bir dəyişiklik gözlənilmir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə Gürcüstanın Baş naziri Mamuka Baxtadze söyləyib.

O deyib ki, 2019-2020-ci illərdə planlaşdırılmış layihələrin reallaşdırılması ilə bağlı dövlət büdcəsində vəsait nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsi üçün sürətli islahatlar lazımdır. Hər bir nazirlik qarşısında konkret vəzifələr qoyulub.

"Biz bir komanda olaraq bu vəzifələrin öhdəsindən gəlməliyik. Lakin əgər hər hansı bir nazir lazımi sürətdən geri qalsa, vəzifəsindən kənarlaşdırılacaq", - deyə M.Baxtadze vurğulayıb.

Bir neçə gün əvvəl M.Baxtadze iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobulianı vəzfəsindən azad edib.

Cəmiyyətdə daha bir neçə nazirin də vəzifəsindən uzaqlaşdırılacağı barədə məlumatlar yayılıb.

Qeyd edək ki, hazırda Gürcüstan hökumətində 11 nazirlik var.

Milli.Az