Balıqartırma zavodları özəlləşdiriləcək

3 May 2019 15:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün balıqartırma zavodları özəlləşdirməyə açıq elan olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı Nazirlər Kabineti və Dövlət Əmlak Komitəsi ilə lazım olan yazışmalar aparılır:

"Bununla bağlı yaxşı, maraqlı təklifləri, biznes planları olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Azərbaycanda balıqçılığın inkişafı üçün potensial var. Balıqartırma zavodlarının özəlləşdirməyə açıq elan olunmasında məqsəd ölkədə balıq bolluğu yaratmaqdır:

"ETSN olaraq, biz maraqlayıq ki, hər kəsin süfrəsində insan sağlamlığı üçün çox önəmli qida olan balıq olsun. Sahibkarlar bu zavodları özəlləşdirməklə zavodlarda müasir standartlara uyğun balıq sənayesinin qurulmasına öz töhfələrini verəcəklər".

Milli.Az