IV Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirildi - FOTO

2 May 2019 20:11

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində IV Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlcə tanınmış şəxslərin mütaliəyə çağırışlarının və ilk Buktreyler festivalı qaliblərinin işlərindən görüntülərin yer aldığı video-çarx nümayiş olundu.

Mərasimi çıxış sözü ilə açan kinoaktyor, prodüser, Buktreyler festivalının təsisçisi Ruslan Sabirli layihənin məqsəd və perspektivlərindən söz açdı. Bildirdi ki, festival Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kitabı tanıdın, kitabla tanının!" devizi altında keçirilir. Buktreyler kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə yönələn, onun ən maraqlı məqamlarını özündə əks etdirən video-çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir.

Buktreylerin ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən incəsənət növü olduğunu diqqətə çatdırdan Ruslan Sabirli festivalın təşkilində göstərdiyi dəstəyə görə nazirliyə, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına və layihənin builki əsas tərəfdaşı "Azercell" şirkətinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, builki festivalın münsiflər heyətində Xalq artisti Əbdül Mahmudbəyov, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, əməkdar artistlər Gülzar Qurbanova, Məlahət Abbasova, yazıçı-publisist Günel Anarqızı təmsil olunub.

Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli layihənin əhəmiyyətindən bəhs etdi. Vurğuladı ki, layihə kitabın təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafına xidmət edir.

Daha sonra qaliblər mükafatlandırıldı. Eybulla Ağadadaşov (buktreyler "Üçüncü addım. Rəqəmsal meşə", yazar - Qaraqan) I yerə, Ruslan Zeynalov ("Bakıdan sevgilərlə", Samid Ağayev), Rəşad Hüseynov ("Gəncsən? Başla!", Nadir Adilov) II yerə layiq görüldülər. Şövkət Məhərrəmova ("6:45 qatarı", Ramiz Rövşən) və  Vüsal Həmdullayev ("Dünənəm! Bu günəm! Gələcəyəm mən!", Xəlil Rza Ulutürk) üçüncü yerin sahibi oldular. Bundan əlavə, "Tamaşaçı simpatiyası" nominasiyasında Gülşən Quliyeva ("Anamın portreti", Gülzar İbrahimova) və "Ən yaxşı mobil buktreyler" nominasiyasında Sadiq Fərzəlibəyli "On dördüncü adam", Elxan Elatlı) mükafatlandırıldı.

Tədbirin sonunda "Savalan" musiqi qrupunun ifasında konsert təqdim olundu.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az