Nadir Əzimov: "Röya qadın olmasaydı..."

9 Aprel 2010 20:32
"Röyanın barışmağa bir ay vaxtı var idi. Artıq məhkəmə prosesi başlayıb və bundan sonra heç bir barışıqdan söhbət gedə bilməz!" Bu sözləri ünvanına təhqiredici ifadələr işlətdiyini iddia edərək,  müğənni Röyaya qarşı iddia qaldıran bəstəkar Nadir Əzimov söyləyib.

Bəstəkar ANS PRESS-ə açıqlamasında "güya Nailə Mirməmmədlini müdafiə edən Röya ağzından çıxardığı hər təhqiredici ifadəyə görə cavab verməli olacaq. Röya qadın olmasaydı, elə həmin gün mən özüm onu yerində oturdardım, daha məhkəmələrə müraciət etməzdim" deyə bildirib.

Bəstəkar Nadir Əzimovun müğənni Röyaya qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə prosesi aprelin 16-da Nərimanov rayon məhkəməsində baş tutacaq. Bəstəkarın verdiyi məlumata görə, məhkəmənin hazırlıq iclası martın 30-da olub. Həmin iclasda Röyanın vəkili ilə yanaşı bəstəkar Nailə Mirməmmədlinin vəkili də iştirak edib.

Nailə Mirməmmədlinin vəkili məhkəmə prosesinin dayandırılmasını təklif edib. Vəkil hüquqlarını qoruduğu şəxsin yaradıcılığını şübhə altına almasını əsas gətirərək Nadir Əzimova qarşı iddia qaldırmağa hazırlaşdığını bildirib. Lakin hakim onların bu iddiasının sözügedən məhkəməyə aidiyyatı olmadığını bildirərək, Nailə Mirməmmədlinin qeydiyyatda olduğu rayon məhkəməsinə müraciət etməsinin mümkün olduğunu və onun bu məhkəmədə yalnız şahid qismində iştirak edə biləcəyini deyib.

Bəstəkar Nadir Əzimov Nailə Mirməmmədlinin ona qarşı iddia qaldırmağa heç bir əsası olmadığını deyib: "Mən Nailə Mirməmmədlinin ünvanına heç bir təhqiredici ifadə işlətməmişəm. Sadəcə onun dirijorluq fakultəsini bitirdiyini vurğulamışam. Əksinə, mən ona qarşı iddia qaldıra bilərəm. Məndə Nailə Mirməmmədlinin məni hədələməsi ilə bağlı faktlar var".

Nadir Əzimov onu da əlavə edib ki, ilk olaraq Nailə Mirməmmədli onun yaradıcılığına şübhə ilə yanaşıb və bəstəkarın son vaxtlar mətbəxə meylli olduğunu, yuxulu gəzdiyini və musiqi alətlərində ifa edə bilmədiyini söyləyib.

/ANS PRESS/