Azərbaycan teatrının xanım dostu...

9 Aprel 2010 19:22
Yuğ Dövlət Teatrının səhnəsində baş tutan tədbirdə tanınmış ziyalılar, elm xadimləri və səbəbkarın dost-tanışları iştirak edirdilər.

Tədbirin aparıcılığını Yuğ Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu edirdi.

Respublikanın əməkdar artisti Məmməd Səfa tədbiri giriş sözü ilə açaraq Məryəm Əlizadənin yaradıcılıq bioqrafiyası barədə qonaqları məlumatlandırdı.

Məryəm Əlizadənin tələbələri Könül Əliyeva və Elçin Cəfərov yubilyarın tənqidi və elmi xarakteristikasını özünəməxsusluqla təsvir etdilər.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timurçin Əfəndiyev, Məryəm Əlizadə ilə onu 40 illik dostluq telləri bağladığını dedi: "Məryəm Əlizadə səmimi, mülayim, sədaqətli dost olmaqla bahəm bir pedaqoq kimi də yüksək keyfiyyətlərə malikdir. Azərbaycan teatrşünaslığında, teatr tənqidində öz nəfəsi, öz dəsti-xəttilə seçilən mütəxəssisdir...".

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, Məryəm xanım qələmindən çıxan milli teatrımızın dünəni və bu günü haqda salnamələr maraqlı olduğu qədər Azərbaycan teatrına baxış bucağı da öz fərqliliyilə seçilir.

"Məryəm xanım ilk dəfə bizim auditoriyaya girib və onun ilk tələbələrindən biri də mən olmuşam" - deyən Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev teatrın ədəbi-bədii hissəsinin Məryəm Əlizadə kimi peşəkarın rəhbərliyi altında olmasından fəxr hissi keçirdiyini bildirdi.

Teatr Xadimləri İttifaqının məsul katibi Kəmalə Cəfərzadə də yubilyarla uzun illərə söykənən səmimi dostluq münasibətlərindən öz xatirələrini bölüşdü.

Tədbirdə həmçinin Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov, yazıçı Afaq Məsud, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, "Yol" ədəbi-dərgisinin baş redaktoru Flora Naci, "Füzuli" ədəbi məclisinin müdavimi Şövkət İmani, xalqt artisti Yaşar Nuri və digər ziyalılar təbrik sözlərini bölüşdülər.

Yubiley mərasimində təbrik sözləri təkcə sözlə deyil, musiqi parçaları ilə də ifadə olundu. Musiqili Komediya Teatrının solistləri, Qəndab Quliyeva, Mələkxanım Əyyubova, Zakir Əliyevin ifasında muğam üclüyü, Vaqif Gərayzadənin "Aypara" qrupu, Aşıq Əhliman və digərləri öz mahnı payları ilə çıxış etdilər.

Sevda Babayeva
Milli.Az