Azərbaycan Prezidenti: "Əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır"

26 Aprel 2019 17:24

"Əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, ötən 15 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb: "Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək etmişdir. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan beş dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir".

Prezident bildirib ki, Azərbaycanın çox böyük neft və qaz ehtiyatları var: "Biz neft və qazımızı beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərləri tikmişik və əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır. Şaxələndirməyə gəldikdə, bizim diqqətimiz əsasən sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlib. İnfrastruktur layihələri bizim üçün çox önəmlidir və biz müasir infrastrukturun yaradılmasına sərmayə yatırmaq üçün maliyyə resurslarımızdan istifadə etdik. Azərbaycanda qazlaşdırma səviyyəsi 95 faiz təşkil edir, Azərbaycan elektrik enerjisini, neft və qazı ixrac edən ölkədir. Nəqliyyat sahəsinə investisiyaların yatırılması bizim əsas prioritetlərimizdən biridir".

Milli.Az