"Ayaz Quliyev taleyini Rusiya ilə bağlamaq istəyir" - Elxan Məmmədov

26 Aprel 2019 18:14

AFFA-nın baş katibi Elxan Məmmədov Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyevin Azərbaycan millisinə çağırılması ehtimalını dəyərləndirib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Məmmədov bunun baş verə biləcəyini istisna etməyib.

Assosiasiya rəsmisi 23 yaşlı oyunçunun atası ilə bir neçə il əvvəl görüşdüyünü də əlavə edib: "Onun atası azərbaycanlıdı. Bir yaxşı tanışıq, bir neçə il əvvəl görüşmüşük. Həmişə demişik ki, millimizin qapıları Ayaz Quliyevin üzünə açıqdı. Bu məsələni bir neçə dəfə müzakirə etmişik. Ancaq görünür o, taleyini Rusiya millisi ilə bağlamaq istəyir. O ki qaldı Ayazla bağlı yaranan son insidentə, o, belə emosional partlayışa yol verməməlidi. Kokorin və Mamayevin işi nümunə olmalıdı".

Məmmədov Rusiya yığmasının futbolçuları Aleksandr Kokorin və Pavel Mamayevin davranışına da münasibət bildirib: "Xoşbəxtlikdən Azərbaycanda belə vəziyyət yaranmayıb. Fikrimcə, onların işi fərdidi. Təəssüf edirəm ki, belə vəziyyətlə futbolçular üzləşib. Çünki bu futbolçuları uşaqlar izləyir, həmçinin bir çoxumuz Rusiya yığmasına azarkeşlik edir. Bu vəziyyəti onlar özləri yaratdılar".

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış edib.

Milli.Az