"Azadlıq" radiosu, niyə belə erməniləşdin?

25 Aprel 2019 12:21

"Azadlıq radiosu və Amerikanın səsinin yaratdığı "Nastoyaşee Vremya" TV-si də belə propaqandadan uzaq olmalıdır.  Kənan Əliyevi görən olsa desin ki, o materialı redaktə eləyənin kül başına. Heç olmasa, o dövrün Amerika qəzetlərinə baxaydı".

"Azadlıq radiosu" haqqında da bir kitablıq əhvalatlar danışa bilərəm! Orada necə "azadlıq" olması barədə, o barədə ki, hətta yeməkxanada nahar vaxtı əməkdaşlar pıçıltı ilə söhbət etməyə çalışırdılar ki, Allah eləməsin, masa arxasındakı qonşu sənin dediyini eşitməsin və ya bir başqa yolla sizin söhbətiniz yazılmasın. İlk baxışda heç nə baş vermədiyi halda neçə adam gözlənilmədən işdən qovuldu! Təkcə 1937-ci ildə olduğu kimi "üçlüyün" hökmü ilə güllələmə halları yox idi. Rəislər də kabinetlərdə adamları təpiklə döymür, həmişə gülümsəyirdilər. Qalan məsələlərdə "azadlıq" o vaxtkı kimi idi. "Azadlıq radiosu" əsla gizlətmir ki, ABŞ Konqresi tərəfindən maliyyələşdirilir və onun baxışlarını ifadə edir".

Bunu bir zamanlar "Azadlıq" radiosunda çalışmış məşhur həmkarım Vüqar Seyidov yazmışdı.

Hələ də aktualdır. Çünki "Azadlıq" radiostansiyasının rus, erməni və Azərbaycan dillərində olan xidmətləri dünən bir ağızdan "1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin soyqırıma uğraması"nı xatırlayıblar, "xatırladıblar", anıblar və az qala virtual yas mərasimi təşkil ediblər.

Uzun illər boyu "Azadlıq" radiosunda çalışmış digər tanınmış jurnalist Rövşən Əliyev isə dünən yazıb:

"Nastoyaşee Vremya" telekanalı yazır: "Erməni və müxtəlif müstəqil tarixçilərin dediklərinə görə, Birinci Dünya müharibəsində türk ordusunun apardığı sistematik qırğınlarda 1,5 milyon erməni öldürülüb..." Yazıda daha sonra deyilir ki, türklər bu rəqəmin şişirdildiyini, cəmi yarım milyonun öldürüldüyünü deyirlər.

Yazıda nə müəllifin öz adına rast gəlirik, nə də istinad elədiyi alimlərin adına.

Konfliktlərin işqlandırılması məsələsində jurnalistikanın sərt qaydaları var. İnsanları qızışdıra biləcək iddialar, rəqəmlər ikiqat yoxlanmalıdır. Şübhəlidirsə, yaxud bir tərəfin mövqeyini əks elətdirirsə, o biri tərəfin mövqeyi verilməlidir. Üstəlik lazım gələrsə iddiaların faktlarla təsdiqi tələb edilməlidir.

Etnik mənsubiyyətə görə qırğın bəşəriyyətə qarşı cinayətlər kateqoriyasındadır. Ermənilərin bir qismi Osmanlıda belə bir qırğınla üzləşiblər. Faktlara adekvat reaksiya medianın əsas işlərindən biridir.

Qırılanların sayının 1,5 milyon olması faktdır, yoxsa propaqanda? Türklərin yarım milyon qırmışıq deməsi faktdırmı?

Medianın faktları sadalamasında ayıb bir şey yoxdur. Ancaq dəqiq istinad lazımdır. Biz bu materialda dəqiq istinada rast gəlmirik. Belə materialı divanda uzanıb tavanda hörümçək toruna baxıb da yazmaq olar. 1,5 milyon rəqəmini yüzlərlə dəfə eşitmişik. Ancaq bu, hadisədən 100 il sonra deyilən rəqəmidir. O dövrün rəqəmləri nədir?

Avropa, Amerika qəzetlərinin arxivi açıqdır. Bir az vaxt ayırıb oxuyub daha real rəqəmlərə yaxınlaşa bilərik. Eyni vaxtda propaqandadan da uzaqlaşa bilərik. Media propaqandadan nə qədər uzaq olsa, başı bir o qədər uca olar.

1915-ci il mayın 23-də New-York Times qəzeti erməni qırğını haqda yazır. Qəzetə görə, Böyük Britaniya, Fransa və Rusiya bəyanat verərək erməni qırğınlarına görə Osmanlı hökumətindən, qırğında iştirak eləyən şəxslərdən hesab sorulacağını bildirirlər. Bəyanatda deyilir ki, 1915-ci il aprelin ortalarından sonra Ərzrum, Dertşau, Muş, Zeytun və Klikiyada türk və kürd əhali Osmanlı ordusunun köməyi ilə yüzə yaxın erməni kəndinin əhalisini qırıb.

Bu, Osmanlıya qarşı vuruşan ölkələrin bəyanatıdır. O vaxt Osmanlının müttəfiqi olan Almaniyanın Vaşinqtondakı səfiri Kount von Bernstroff ABŞ hökumətinə müraciət edərək, Rusiyanın qırğınlar haqda məlumatları şişitrtməsindən şikayətlənib. O iddia edir ki, erməni katalikosu Rusiyann təzyiqi və senzurası altında danışıb.

Əgər 3 ölkənin verdiyi bəyanatda kəndlərin sayı düz göstərilirsə, 1915-ci il aprelindən mayına qədər (elə qırğınların əsas dövrü bu bir neçə həftə idi) 100 kəndin erməni əhalisi qırılıb. Bir nəfərin də öldürülməsi cinayətdir. 100 kəndin sakinlərinin qırılması çox ağır cinayətdir. Burda söhbət sayın dəqiqləşdirilməsindən gedirsə, hesablama düz aparılmalıdır. 100 il qabaqkı kəndlərin əhalisi 30 nəfərdən bir neçə yüz nəfərəcən olurdu. Bunu yüzə vurun, qırılanların təxmini sayını alacaqsınız. Yəni 10-20 min. O kəndlər misli görünməmiş böyük kəndlər idisə, ən çox 50 min.

"Nastoyaşee Vremya" 1,5 milyon rəqəmini necə alır, haradan alır, türklərin yarım milyon öldürmüşük demələri harada yazılıb - qəribədir.

Erməni-müsəlman qırğını deyilən hadisələrinin bir hissəsi Anadoluda üçpaşa hakimiyyəti dövründə olub. Ordu mülki sakinlərə divan tutulub. Ancaq bu hadisələrin Qafqazda və İranın şimalında olan hissəsi də var. Bu hissədə isə əsasən avam, başıpozuq azərbaycanlılar qırılıblar. Sayları da bilinmir, hesabını da soran olmayıb. O vaxt Osmanlı ilə vuruşan ölkələr erməni qrığınlarını qabardıblar, erməni xalqını da haradasa bu propaqandanın əsirinə çeviriblər. Ancaq hadisələrin o biri hissəsindən danışan olmayıb.

Bir sözlə, istər keçmiş propaqanda olsun, istər davam eləyən, - müasir media onun bir hissəsinə çevrilməməlidir.

Azadlıq radiosu və Amerikanın səsinin yaratdığı "Nastoyaşee Vremya" TV-si də belə propaqandadan uzaq olmalıdır.

Kənan Əliyevi görən olsa desin ki, o materialı redaktə eləyənin kül başına. Heç olmasa, o dövrün Amerika qəzetlərinə baxaydı".

Dünən nə baş verdi?

"Amerikanın səsi", "Azadlıq" və "Azad Avropa" radiostansiyaları aşkar şəkildə erməni propaqandası ilə məşğul oldular.

Çox primitiv, bəsit, murdar şəkildə.

Əgər rus dilindəki xidmətin canfəşanelığını qismən olsa da, müəyyən mənada anlamaq mümkündürsə, "Azadlıq" radiosunun Azərbaycan dilindəki xidmətinin dünənki "hadisəyə obyektiv baxış" adı ilə qondarma "erməni soyqırımı"nı Osmanlı Türkiyəsində yaşanmış olaylara məhz erməni təbliğatı mövqelərinə çox yaxın nəzərdən təqdim etməsi anlaşılmaz sayıla bilər.

"Osmanlı Türkiyəsində erməni liderlərin həbsinə başlandı", "Bundan sonra erməni icması kütləvi şəkildə Türkiyədən deportasiya olunur", "24 apreldə bütün dünyada ermənilər "soyqırımı günü" kimi qeyd edirlər" və s. - bu cümlələr "Azadlıq" radiosunun mövqeyidir.

Və bu mövqe Ermənistan İctimai Televiziyasının dilimizdə nümayiş olunan proqramlarında deyilənlərdən çox az fərqlənir.

"Azadlıq" radiosu dünən ermənilərin Osmanlı Türkiyəsində məruz qaldıqları "vəhşilik, əzab və zillət"lərdən bəhs etdi. Radionun Azərbaycana qarşı tutduğu mövqe bəlli. Fəqət, elə həmin radionun rəhbərliyinin və funksionerlərinin aramsız bəhs etdikləri, mantra kimi təkrarladıqları ifadələr arasında "peşəkar jurnalistikanın tələbləri, kanonları və qaydaları" var.

Həmin qaydalara görə, hansısa hadisə - uydurma olsa belə - bu barədə informasiya, reportaj və ya şərh hazırlanırsa, mütləq şəkildə qarşı tərəfin mövqeyi də əks olunmalı, habelə məzkur hadisənin real və ya güman edilən vəsiləsindən bəhs olunmalıdır.

1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərlə bağlı yaşananlardan bəhs olunursa, mütləq şəkildə bu hadisənin əvvəli, yəni ermənilərin Türkiyəyə kütləvi şəkildə xəyanət faktlarından, Rusiyanın və Britaniyanın təşviqi, dəstəyi və idarəçiliyi ilə ölkədə qırğınlar törətmələrindən də danışılmalıydı.

Bunlar qondarma "erməni soyqırımı" kimi absurd iddialar yox, elə həmin Rusiyanın və Britaniyanın o dönəmdəki siyasətçilərinin, qəzetlərinin, hərbçilərinin və tarixçilərinin bəhs etdikləri, yazdıqları və dedikləri faktlardır.

"Azadlıq" radiosunun Azərbaycan xidməti bunu demədi.

Dünənki olayla bağlı radionun Praqadakı baş ofisi ilə əlaqə saxladıq. Suallarımıza yayındırıcı cavablar verildi. Yəni faktiki olaraq cavab verilmədi.

Anqlosaks mediasında faktların belə təhrifinə "çirkinləşmə" deyilir.

"Azadlıq" radiosu da çirkinləşib və bu media strukturunun rəhbərliyi təkzib etsə də, xəbər yayıcı yox, propaqanda vasitəsidir.

Savadsız, qərəzli və bəsit bir propaqanda.

Elçin Alıoğlu
Milli.Az