Bunsuz şirkətlərin uğur qazanması mümkün deyil - MÜSAHİBƏ

25 Aprel 2019 10:30

"Rabitəbank"ın Müştərilərə Xidmət Departamentinin müdiri, bank sektorunda ümumilikdə 15 illik təcrübəsi olan Emin Kərimovun Milli.Az-a müsahibəsi:

- Emin bəy, təmsil etdiyiniz bank son zamanlar korporativ mədəniyyətin forması sayəsində çox böyük irəliləyişlərə nail olub. Nədir korporativ mədəniyyət?

- Korporativ mədəniyyət inkişaf etmək istəyən bütün şirkətlər üçün vacib amillərdən biridir. Korporativ mədəniyyəti olmayan şirkət köksüz ağaca bənzəyər. Yəni ağac boy ata bilər, amma dayanıqlığı olmaz. Bu misal loru dildə olsa da, gerçəkliyi tam əks etdirir.

Korporativ mədəniyyət şirkətin adətlərini, ənənələrini, ona olan inamı, şirkət daxilində və ya tərəfdaşlarla olan davranış qaydalarını özündə birləşdirən bir sistemdir.

Korporativ Mədəniyyət Şirkətin Ruhudur, Onurğasıdır.

Korporativ mədəniyyəti olmayan şirkətlər stabil olmadığları kimi məhvə də düçardırlar.

Bu mədəniyyət iki formada yaranır. Bunlardan biri planlı şəkildə olur. Yəni şirkətin rəhbərliyindən, idarəçililiyindən bəhrələnərək, yazılmış prosedurlar və sonradan tam olaraq üzərində nəzarət qurulmuş qaydalar əsasında formalaşır.

Korportaiv mədəniyyətin digər forması öz-özünə təbii yolla formalaşan, insan ünsürlərindən asılı olan, şirkət daxilində çoxlu fərdi fərqlilikləri özündə cəmləşdirən və öz axarı ilə yaranır. Bu ikinci hal idarəolunan forma deyil, onun tam idarə olunması qeyri-mümkündür. Məsələn, şirkətdə adi kadr dəyişikləri bu mədəniyyətin də tam başqa forma almasına, dəyişməsinə gətirib çıxara bilər. Yəni mədəniyyət forması fərdlərdən asılı vəziyyət yaradır və bu da arzuolunan deyil.

Lakin şirkətin idarəciliyindən, qoyulmuş məqsədlərindən və inkişaf mexanizmindən qaynaqlanan forma həm arzuolunan, həm də idarəolunandır. Dünyanın ən tanınmış və uğur qazanmış brendləri korporativ mədəniyyətin məhz bu formasını seçiblər. Belə şirkətlərdə 800-900 səhifəlik, özündə bütün məqamları əks etdirən korportaiv mədəniyyət norma və qaydaları müəyyən edilir.

- Yeri gəlmişkən, korporativ mədəniyyət nə üçün lazımdır?

- Düzdür, şirkətlər, təşkilatlar korporativ mədəniyyət sistemindən, xüsusilə onun idarə olunan formasından istifadə etmək məcburiyyətində deyil. Lakin zənnimcə inkişafın, uğurun təməli, şirkətin sabitliyi və vahidliyi bundan çox asılıdır. Korporativ mədəniyyət şirkətlərdə dəyərlərin formalaşması, brendin yaranması, müştərilərlə ünsiyyət tərzinin qurulması, komanda ruhunun formalaşması, komanda daxilində əməkdaşlar arasında düzgün ünsiyyətin formalaşması, zahiri görünüşlərinin normal, xoşagələn olması, nəhayət şirkətin peşəkar kadrlara cəlbedici olması üçün şox önəmlidir. Bütün bu sadaladıqlarımızı elə korporativ mədəniyyətin özünü formalaşdıran vacib amillərdir. Bu amillər korporativ mədəniyyətlə zəncirvari bağlılıq yaradır. Yəni bunlardan biri olmadan digərinin mövcudluğu mümkün deyil. Şirkətlərdə qurulmuş sistemə uyğun, həmin korporativ mədəniyyəti dəstəkləyən, qoyulmuş məqsədləri anlayan vahid komandanın qurulması üçün labüddür. Bu cür komandaya malik olan şirkətlərin məhsuldarlığı artır, xərcləri azalır, mümkün dəyişikliklərə tez adaptassiya olmasını və çevikliyini artırır.

Əgər şirkətin gələcək üçün qarşısına qoyduğu məqsədləri konservativ və aciz deyilsə, sonradan xaotik idarəetməyə keçmək istəmirsə, artıq qurularkən təməlində bu mədəniyyətin formalaşdırılmasından yararlanmalıdır.

Artıq qeyd elədik ki, korporativ mədəniyyət 2 cür formalaşa bilər - məqsədyünlü, təşkilatın inkişaf sxeminə strateqiyasına və idarəçiliyinə uyğun olaraq, yaxud da təbii yolla, öz-özünə.

Yazılmış prosedurlar, nizamlı bölgü, hamıya eyni müstəvidən yanaşma və qaydalar əsasında yaranmış korporativ mədəniyyət idarəetməni nizamlı və daha asan edir.

Korporativ mədəniyyət şirkətin brend olaraq formalaşması üçün çox vacibdir.

Korporativ mədəniyyətin olmasının işçilərin şirkətin inkişaf istiqamətini, məqsədlərini, strateji mövqeyini və dəyərlərini tam olaraq, aydın şəkildə anlamasında, inkişaf yolunda itirilməməli olan dəyərlərin, şirkətin adət-ənənələrinin, tarixinin, etik davranış normalarının formalaşmasında çox böyük təsiri və rolu var. Bu mədəniyyət bütün məqamlara toxunaraq ümumi bir sistem yaradır. Korporativ mədəniyyətin korporativ stilin olmasında da mühüm rolu var. Zahiri görünüş, geyim tərzi, interyer, loqotip, komanda ruhunun formalaşması, əməkdaşlar arasında kommunikasiyanın düzgün qurulması və s.-in hamısı özlüyündə korporativ mədəniyyətin mühüm tərkib hissəsidir. Korporativ mədəniyyəti olan şirkət onu digərlərindən müsbət mənada fərqləndirir. Həmin şirkətin özünəxas xarakteri yaranır. Bunlar həmçinin, şirkətə sonradan qoşulan əməkdaşlar üçün bir nümunə olmaqla yanaşı, onların bərabər fərdi inkişafı üçün də münbit şərait yaradır.

- "Rabitəbank"da formalaşmış korporativ mədəniyyət barədə nə deyə bilərsiz? Bu iş sizin bankda necə qurulub?

- Bu gün 25 illik tarixi olan"Rabitəbank"ın, bank sahəsində liderlər sırasında olması və dayanıqlığı təsadüfi deyil. "Rabitəbank" hər zaman korporativ dəyərlərə önəm vermişdir. "Rabitəbank"da Korporativ Mədəniyyət məhz idarə olunan, planlı şəkildə, yazılmış qaydalar əsasında qurulur. Bu məsələyə bizdə çox böyük önəm verilir və diqqət yetirilir. Bizdəki korporativ mədəniyyət şirkətin idarəçiliyindən, strateqiyasından qaynaqlanır və bütün əməkdaşlar tərəfdən qəbul edilir, dəstəklənir. Bankın sürətlə inkişaf etməsi ilə yanaşı dəyərlər qorunur saxlanılır. Məsələn hər həftənin, ayın, rübün müəyyən günlərində xüsusi tədbirlər keçirilir. Bu tədbirlər artıq ənənə halını alıb. Buna nümunə olaraq "R-klub", "RM-klub", "R-Digest" adlı tədbirlər təşkil olunur intellektual oyunlar keçirilir. Bu tədbirlərdə bankın nailiyyətləri, qoyulan hədəflər, komandamıza yeni qoşulmuş əməkdaşların təqdimatı keçirilir, əməkdaşların doğum günləri və peşəkar yubileyləri qeyd edilir. Bu həm də onların bir-birini yaxından tanıması, dəstək olması, əlaqələrin, kommunikasiyaların güclənməsi üçün, kimin hansı işlə məşğul olmasını konkret bilməsi üçün vacibdir. Bundan başqa bankımızın "Dəyərlisiniz" adlı layihəsi var. Bunun üçün xüsusi Bankdaxili elektron valyutamız olan "R-Coin" yaradıldı. Yəni bütün müsbət səylərə görə, xoş davranışına, pozitivliyinə, əməkdaşlarla olan münasibətlərinə, bank biliklərini digər işçilərlə bölüşdüyünə, Bankımız haqqında müsbət fikir formalaşdırdığına, ümümi işə verdiyi töhvəyə görə "R-Coin"lərlə mükafatlandırılır. Əməkdaşlarımız sonra həmin xallarla bankın elektron mağazasında olan xidmət və təkliflərdən yararlana bilər. Məsələn "R-Coin"ləri  səyahətlərə, təlimlərə, fitness klublara abunələrə, və yaxud top-menecerlə nahar yeməyinə və s. dəyişmək olar. Bu sistem işçilər arasında həm müsbət mənada yarışın, rəqabətin yaranmasına digər tərəfdən gördüyü səmərəli işin qarşılığında ona Bankın verdiyi dəyərin göstəricisidir. Mən bunları sadəcə bir nümunə kimi göstərdim. Bütün bunlar hər şirkətdə fərqli, başqa formalarda, fərqli yanaşmalarla ola bilər. Bütün bunlar korporativ mədəniyyətin danılmaz hissələri kimi qeyri-maddi motivasiya xarakteri daşıyır, adətlər formalaşdırır, əməkdaşlarla şirkət arasında bağlılıq yaradır, əməkdaşa şirkət üçün lazımlı, dəyərli olmasını hiss etdirir və qiymətli olan əməkdaşların loyallığını artırır.

Qeyd: Bu, "Rabitəbank"ın "Rabitədə - Rabitəbank maarifləndirici bloq" layihəsi çərçivəsində Azərbaycan mediasında işıqlandırılan ikinci müsahibədir.

İlkin İzzət
Milli.Az