Ukraynanın yeni prezidenti Zelensky kimdir?

23 Aprel 2019 21:17

Qeyri-rəsmi nəticələrə görə, Ukraynanın yeni prezidenti seçilmiş məşhur komediya ustası Volodymyr Zelensky kimdir?

Prezident seçkilərinə qədər Volodymyr Zelensky "95-ci kvartal" stand-up şousunun yaradıcısı, "Qudalar" serialının prodüseri, "Xalqın xidmətçisi", "Böyük şəhərdə sevgi" və "İlk 8 görüş" seriallarının qəhrəmanı kimi tanınıb.

Zelenskinin prezidentliyə namizədliyi Ukraynada ciddi mübahisələr doğurmuşdu: bəziləri onu biznesmen İqor Kolomoyskinin adamı hesab etmiş, bəziləri də düşünmüşdü ki, Zelenski baş rolunu ifa etdiyi "Xalqın xidmətçisi" serialının reklamı üçün bu addımı atıb.

"Mən onlara göstərərdim"

"İki pisdən daha az pis olanı seçirik. Və bu, 25 ildir belə davam edir. Bilirsənmi, maraqlı olan nədir? Bu dəfə də heç nə dəyişmir. Sonra həmin pis adamlar hakimiyyətə gəlirlər. Yalan danışırlar və oğurlayırlar, oğurlayırlar və yalan danışırlar. Məni bircə həftəliyə ora göndərsəydilər, onlara göstərərdim".

Kiyevli tarix müəllimi Vasili Qoloborodkonun bu 1,5 dəqiqəlik emosional çıxışı internetdə prezidentliyə namizədlərin təbliğat kampaniyası ərəfəsində yayılmışdı.

Bütün ölkə yığışıb onun üçün seçki depoziti toplayır, sonra da onu prezident seçir. Vasiliy Qoloborodko təcrübəsizdir, amma rüşvətxor deyil. Sadəlöhvdür, amma prinsipialdır. O, inauqurasiyadakı çıxışında etiraf edir ki, siyasətdən başı çıxmır, amma mütləq öyrənəcək.

"Mən bir şey bilirəm: elə hərəkət etmək lazımdır ki, sonra övladlarının üzünə baxmağa utanmayasan. Valideynlərinin də. Və əlbəttə ki, sizlərin də".

"Xalqın xidmətçisi" serialının birinci sezonu belə başlayır. Ukraynada artıq dörd ildir yayımlanan bu serial ukraynalılara sübut etməyə çalışır ki, çürük və korrupsiyalaşmış siyasi sistemi hətta bir nəfər də dəyişə bilər - əgər prezident olandan sonra təmiz işləyib düzgün yaşasa.

"Bizim başlıca missiyamız siyasətə saf, düzgün, ölkənin taleyinə tüpürməyəcək insanlar gətirməkdir", - seçki təbliğatı dönəmində Zelenski "Ukrainskaya pravda"ya müsahibəsində belə demişdi.

"Əlbəttə, personajımla mən fərqli adamlarıq. Ancaq mənəvi dəyərlərimiz eynidir", - bu sözlərsə onun BBC-yə verdiyi açıqlamadandır.

Volodymyr Zelensky 1978-ci ildə Krivoy Roqda anadan olub. Texnika elmləri doktoru olan atasının işiylə bağlı uşaq vaxtı dörd il Monqolustanda yaşayıb, orda məktəbə gedib. Krivoy Roq İqtisadiyyat İnstitutunun hüquq fakültəsini bitirib, amma iki həftəlik təcrübə dövrü istisna olmaqla, heç vaxt öz ixtisası üzrə işləməyib.

O, məktəb illərində incəsənət üzrə özfəaliyyət dərnəyinin üzvü olub. Sonra "Zaporojye - Krivoy Roq - tranzit" KVN komandasında çıxış edib. 1997-ci ildə ordan ayrılıb dostlarıyla birlikdə "95-ci kvartal" studiyasını yaradıb.

2003-cü ildə Aleksnadr Maslyakovla aralarında yaranmış konfliktə görə KVN-i tərk edib "Axşam kvartalı" şousunu yaradıb, bu şou Ukraynanın məşhur "İnter" (2010-2012-ci illərdə Zelensky bu kanalın İdarə Heyətinin üzvü və kanalın baş prodüseri olub) və "1+1" kanallarında yayımlanıb.

Volodymyr Zelensky

"95-ci kvartal" studiyası 10 filmə, "Qudalar" və "Xalqın xidmətçisi" də daxil olmaqla, bir neçə seriala prodüserlik edib.

Hazırda "Axşam kvartalı" şousu Ukraynada ən populyar yumor proqramı, Zelensky isə ölkənin ən çox tanınan aktyorlarından biridir (2017-ci ilin mayında onun kim olduğunu ukraynalıların ancaq 7 faizi bilirdi).

Zelensky vaxtilə "Ulduzlarla rəqs" müsabiqəsinin qalibi olub, "Viva" jurnalının versiyasına görə, ən yaraşıqlı ukraynalı hesab olunub, dəfələrlə Ukraynanın "Teletriumf" mükafatını qazanıb.

Keçən il isə o, "Novoye vremya" jurnalının reytinq cədvəlində ən nüfuzlu ukraynalılar arasında 36-cı yeri tutub - Ukraynanın müdafiə nazirindən və təhlükəsizlik xidməti rəhbərindən yuxarıda.

Zelensky Maydan hərəkatını dəstəkləyib və Luqanskın keçmiş qubernatorunun sözlərinə görə, Donbasda hərbi əməliyyatlar keçirən Ukrayna hərbçilərinə maliyyə yardımı edib. Bununla belə, o, KİV-də dil kvotasına və Rusiya incəsənət adamlarının ölkəyə buraxılmamasına görə hakimiyyəti sərt tənqid edib.

Zelensky siyasətə qoşulmaq qərarını bir il əvvəl verdiyini deyib.

Onun prezidentliyə namizədliklə bağlı açıqlaması böyük mübahisə və müzakirələrə səbəb olub - Kolomoyskiyə məxsus "1+1" kanalı 31 dekabr gecəsi Poroşenkonun yeni il təbrikinin əvəzinə onun çıxışını verib.

Sonrakı bir neçə həftə ərzində sosial şəbəkələrdə və tok-şoularda ukraynalılar bu sualı müzakirə ediblər: baş verən hadisəni prezidentlik institutuna sayğısızlıq hesab etmək olarmı? Bu diskussiyalar ona gətirib çıxarıb ki, "1+1" kanalına baxmayan ukraynalılar da Zelensky-nin seçkiyə qatılmaq niyyətindən xəbər tutub.

"Mənim proqramımı hamımız birlikdə yazacağıq. Sonra bütün problemlərdən çıxış yolu tapacağıq. Sonra da onları həll edəcəyik" - 31 dekabrda yayımlanan çıxışında Zelensky belə deyib.

Milli.Az