Hikmət Babaoğlu: "Televiziyalarda əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır"

23 Aprel 2019 13:21

"Azərbaycan televiziyalarının efirində keyfiyyət dəyişiklikləri baş verməkdədir. Bəzən yenilik, keyfiyyət dəyişikliyi dedikdə, daha çox estetik tərəfdən dəyişikliyə önəm verilir. Təbii ki, bu da olmalıdır. Aparıcılar estetik baxımdan məzmunlu geyinməlidirlər. Lakin əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, İctimai Televiziyanı bu istiqamətdə məsələlərin həyata keçirilməsi üçün digərlərindən fərqləndirən cəhətlər var:

"Hesab edirəm ki, İctimai Televiziyada bu istiqamətdə görüləsi işlər çoxdur. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına yeni üzvlərin siyahısına baxdıqda, bu şəxslərin bir çoxlarının fəalyyəti ilə yaxından tanışam və onların Şuraya üzv olduğuna şadam. Məsələn, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova musiqi mədəniyyətimizi təqdim etməyi bacaran bir şəxsdir".

H.Babaoğlu qeyd edib ki, efir məkanında mənəvi dəyərlərin qorunması, təbliği, bununla bağlı süjetlərin, filmlərin olması çox vacibdir: "Bu gün din cəmiyyətdəki davranışlarımızı, mənəvi dəyərlərimizi müəyyənləşdirir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev bu istiqamətdə məsələlərin həllinə köməklik göstərəcək".

Milli.Az