Azərbaycanın ən iri qaz yatağından hasilat həcmləri açıqlanıb

22 Aprel 2019 11:57

"Bu günədək "Şahdəniz" yatağından 104,2 milyard kubmetr qaz və 25,1 milyon ton kondensat hasil edilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov SOCAR-ın 4-cü "Downstream Xəzər və Mərkəzi Asiya - treydinq, logistika, neft emalı və neft-kimya" beynəlxalq forumunda deyib.

Nazir bildirib ki, bu ilin yanvar-mart aylarında ölkədə qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz artaraq 9,1 milyard kubmetr təşkil edib. Qaz ixracı isə 26,6 faiz artaraq 3,2 milyard kubmetrə bərabər olub.

Onun sözlərinə görə, "Şahdəniz" yatağından hasilat payı 4,3 milyard kubmetr qaz və 1 milyon ton kondensat təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağının işlənməsi ilə bağlı müqavilə 1996-cı ilin iyununda imzalanıb.

Milli.Az