Dünyada 263 milyon insan çətənə istifadəçisidir

22 Aprel 2019 21:53

Dünyada 263 milyon insan çətənə (kannabis) istifadəçisidir. Bu barədə məlumatı qlobal çətənə sənayesi üzrə aparıcı analitik qurum olan "New Frontier Data" təşkilatı yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın hazırladığı çətənə sənayesinə dair illik hesabatda dünya üzrə çətənə dövriyyəsi (dövlət tərəfindən tənzimlənən və həmçinin qeyri-qanuni) 344 milyard ABŞ dolları həcmində dəyərləndirilir. Çətənə üzrə ən mühüm bazarların sıralamasında ilk yerdə Asiya dayanır (132,9 milyard dollar). Sonrakı yerlərdə isə digər regionlar gəlir: Şimali Amerika (85,6 milyard dollar), Avropa (68,5 milyard dollar), Afrika (37,3 milyard dollar) və Latın Amerikası (9,8 milyard dollar).

Hesabatda çətənə və digər narkotik vasitələrin qeyri-qanuni istehlakına qarşı mübarizənin gücləndirilməsinin vacibliyi qeyd edilməklə yanaşı, tibbi məqsədlər üçün istifadə barədə yeni imkanlar da əksini tapıb. Qeyd edilib ki, dünyanın 50-dən artıq ölkəsində tibbi çətənə müxtəlif formalarda leqallaşdırılıb və dövlət nəzarəti altında bu sektorun inkişafı üçün böyük potensial mövcuddur.

Milli.Az