AGF Junior Trophy-də qızıl medal qazanan Azərbaycanın qrup komandasının üzvləri: "Hər şey hələ qabaqdadır"

21 Aprel 2019 20:15

Qızıl medalın arxasında böyük əmək, böyük işlər durur və bu əməyin sayəsində biz birinci yeri tuta bildik.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində komandalar arasında qrup hərəkətlərində çoxnövçülükdə gümüş medal, beş halqa ilə qrup hərəkətlərində qızıl medal və beş lentlə qrup hərəkətlərində gümüş medal qazanan Azərbaycan komandasının üzvləri bildirib.

Gənc gimnastlar deyib: "Tamaşaçılar bizi fəal dəstəkləyirdi, biz istəyirik ki, onlar bizi bütün yarışlarda belə dəstəkləsinlər. Biz hər bir tamaşaçıya dəstəyə görə təşəkkür edirik, bu, bizim üçün çox vacibdir".

Gimnastların sözlərinə görə, onlar xoşbəxtdirlər ki, yaxşı nəticələr qazanaraq, öz məşqçilərini sevindirə biliblər: "Biz məşqçilərimizə, xoreoqraflarımıza, həkimlərimizə - bütün bizlə məşğul olanlara təşəkkür edirik. Bu qələbə ilə biz onlara borcluyuq. Düşünürük ki, bizim üçün hər şey hələ qabaqdadır".

Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilib. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edib.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edib.

Milli.Az