Bakıda bədii gimnastika üzrə II AGF Junior Trophy beynəlxalq turnirinin ikinci günü start götürüb - FOTO

21 Aprel 2019 12:32

Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə II AGF Junior Trophy beynəlxalq turnirinin ikinci günü start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün ip, top, gürz və lentlə hərəkətlərdə fərdi proqramda, o cümlədən komandalar arasında qrup hərəkətlərində (beş halqa və beş lent) qaliblər müəyyənləşəcək.

Azərbaycanı final mərhələsində gənclər arasında 2018-ci il Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova ip, top və lentlə hərəkətlərdə fərdi proqramda, Nərminə Səmədova ip, top, gürz və lentlə hərəkətlərdə fərdi proqramda və beş halqa və beş lentlə qrup hərəkətlərində komandamız təmsil edirlər.

Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Milli.Az