NATO qara dənizdə möhkəmlənir

20 Aprel 2019 22:35

"NATO tez-tez Qara dənizə gəmi göndərir. Rus ordusu isə əndişə ilə bunu izləyir", - Almaniyanın "Franfurter Allgemeine Zeitung" qəzetində dərc olunan məqalədə deyilir.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, jurnalist Lorens Hemiker (Lorenz Hemicker) xəbər verir ki, Rumıniya donanmasının başçılığı altında NATO-nun "Dəniz sipəri" ("Sea Shield") hərbi təlimlərinin son günü başlayıb. Bu manevrlər bu qəbildən olan sayca beşinci təlimdir. Təlimdə alyansa üzv altı ölkənin 20 hərbi gəmisi və Qara dənizə daxil olan NATO-nun daimi dəniz qrupunun freqatları iştirak edir. Ümumilikdə NATO 2,2 min əsgəri bir araya toplayıb. Onlar ilk növbədə birgə hərbi döyüşün aparılmasını məşq etməlidirlər. Təlimlərin ssenarisində Rusiyanın adı heç bir yerdə hallanmır. Lakin Rumıniya rəsmiləri və yüksək vəfizəli generallar şəxsi söhbətlərdə bu təlimlərin məhz hansı ölkənin qarşısını almağa yönəldiyinə şübhə yeri qoymur.

Bu gün Rusiya prezidenti Putin Rumıniyanı təhlükə adlandırır. Alyansın cənub-şərq sərhədində yerləşən ölkə Rusiyanın qanadlı raketlərinin hədəfindədir.

Nəşr davamında qeyd edir ki, "Dəniz sipəri" ilə yanaşı Rumıniyanın Konstans şəhərinin limanında və ölkənin digər bölgələrində NATO tarixində  hərbi həkimlərin ən böyük təlimi keçirilir. Gələcəkdə bu cür təlimlərə ehtiyac qalmayacaq? Təlimlərdə iştirak edən "Kral Ferdinand" gəmisinin kapitanı deyir: "Optimist bir insanam, ancaq biz mətin olmalıyıq".

"Rumıniya hökuməti artıq çoxdandır Qara dənizin strateji əhəmiyyətindən dəm vurur, - Hemiker qeyd edir. - 2004-cü ildə NATO-a qoşulduqdan sonra Buxarest geostrateji cəhətdən əhəmiyyətli dənizdə etibarlı müttəfiq rolunu vurğulayır. Belə ki, ölkənin bəzi tərəfdaşları onun bu mövqeyinə rişxənd edir. Gündəlikdə duran məsələ alyansın müdafiəsi deyil, "Əl-Qaidə" terror təşkilatı ilə mübarizə, İraq, Əfqanıstandakı müharibələr və Balkanlarda közərən münaqişələrdir. 2008-ci ildə Qara dənizin əks tərəfində gürcü müharibəsi qızışdıqda, ardınca Rusiya ordusunu təkmilləşdirib, qonşularına hibrid müharibələrlə əzab verdikdən sonra da bu baxımdan heç nə dəyişməyib. 2014-cü ildə Rusiya Krımı ilhaq edib, Ukraynanın şərqində müharibə başlatdıqdan sonra NATO yuxudan ayılıb".

"Yarımada Qara dənizdə Moskvanın təyyarə gəmisinə çevrilib. Orada yerləşdirilən qoşun və hərbi sistemlərin sayı durmadan artır. Rusiyanın məqsədi oradakı qonşularının yerdəyişmə azadlığını məhdudlaşdırmaqdır. Rusiya NATO-nun cənub-şərq cinahına da təzyiqi artırır, - məqalədə deyilir. - Rus ordusu müasir "S-400" raket komplekslərinin köməyi ilə NATO-nun Rumıniya sahilindəki hərbi təyyarələrini hədəfə ala bilər. Rumıniyalı pilotların sözlərinə görə, hava məkanının pozulması adi hala çevrilib. Üstəlik, Rumıniyanın rəsmi çevrələrindən verilən məlumata əsasən, təxribat, dezinformasiya və kiberhücumlar haqqında xəbərlər artmağa davam edir".

"Rumıniya, eləcə də Polşa kursunu sərt bir şəkildə dəyişməklə Rusiyanın neoimperialist şıltaqlığına reaksiya verib. Rumıniya NATO-nun qoyduğu 2%-lik göstəriciyə yaxınlaşmaq üçün hələ 2015-ci ildə bütün partiyaların birgə qərarı ilə müdafiə büdcəsini artırıb", - məqalədə deyilir.

Niderlandın "Evertsen" gəmisinin komandiri, NATO-nun ikinci daimi hərbi dəniz qrupuna (SNMG2) komandanlıq edən admiral Budeveyn Buts (Boudewijn Boots) öz qrupundan bəhs edəndə, komanda ruhuna diqqət çəkir. Onun sözlərinə görə, təlimlər ideal görüş olub. Birgə səylərlə yeni səviyyə adlamaq mümkün olub. Bundan başqa, admiralın qrupundan olan bəzi gəmilər Odessada ukraynalılar və Potidə gürcülərlə bir neçə baza təlim keçmək üçün əsas manevrlərə kimi olan vaxtdan istifadə ediblər.

"Bu cür nümayişkaranə fəaliyyət ruslara təsir edibmi? Bilinmir. Alyansın hərbi dəniz qrupuna məxsus gəmilər ildə sadəcə 120 gün Qara dənizdə ola bilər. Bundan başqa, dənizə çıxışı olmayan ölkələrin hərbi gəmiləri orada 21 sutkadan çox ola bilməz. Quruda da eyni vəziyyətdir. 1997-ci ildə əldə olunan sazişə əsasən, NATO-nun hərbi bölmələri uzun müddət keçmiş Şərq bloku ölkələrinin ərazisində yerləşdirilə bilməz", - məqalə müəllifi qeyd edir.

"Düzdür, bu, son illər alyansın Baltikyanı ölkələr və Polşada rotasiya əsasında çoxmillətli batalyon yerləşdirməsinə mane olmayıb, - Hemiker yazır. - Rumınlar şimal-şərq cinahına paxıllıq edir və başqaları ilə müqayisədə özlərini əlverişsiz vəziyyətdə hiss edirlər. Bu zaman NATO-nun fəaliyyətsiz qaldığını söyləmək olmaz. Alyans hava məkanına nəzarətdə Rumıniyanı dəstəkləyir. Krayovda rotasiya əsasında çoxmillətli briqada yerləşdirilib. Deveseldə isə NATO-nun raket hücumundan müdafiə sistemlərindən biri quraşdırılıb".

Sonda jurnalist qeyd edir ki, bütün bunlar Rumıniyaya kifayət etmir. Amerika çevrələrinin məlumatına əsasən, artıq Buxarest rəhbərliyində Baltikyanı ölkələr və Polşa nümunəsinə uyğun cənub-şərqi cinahı üçün çoxmillətli mənzil qərargahının yaradılmasını tələb edənlər var.

Milli.Az