Rusiyanin qaz şəbəkəsi avropani əlinə alib

20 Aprel 2019 20:05

Vaşiqnton Yaxın Şərqdə təsirinin azalması ilə barışmağa çalışır, Moskva isə, əksinə, uzunmüddətli iştirakın təməlini qoyur. Türkiyə, İraq, Livan və Suriyada boru kəmərlərini və axtarış-kəşfiyyat işlərini alan Rusiya Yaxın Şərq vasitəsilə Avropaya enerji körpüsü tikir. Eyni zamanda Moskva Avropanın əsas qaz tədarükçüsü rolunu möhkəmlədəcək, ABŞ və Avropanın maraqlarına ciddi təhlükə yaradaraq Yaxın Şərqdəki təsirini genişlədəcək. Demokratiyanın Müdafiə Fondunun analitiki Varşa Koduvayur (Varsha Koduvayur) və korporativ hüquq üzrə ekspert Qreq Everet (Greg Everett) "Foreign Policy" nəşrində dərc olunan məqalədə yazırlar.

Məqalədə deyilir ki, yeni şəbəkədə Türkiyəyə mühüm tranzit rolu ayrılıb. Rusiyanın "Qazprom" şirkəti Türkiyə və Bolqarıstandan keçən "Mavi axın" boru kəmərini artıq istismar edir və bu kəmər vasitəsilə Moskvadan qazın təxminən 6%-i Avropaya idxal olunur. İkinci boru kəməri "Türk axını"nın ilin sonunadək işə düşəcəyi gözlənilir. Bu xətlə qazın 14%-i Türkiyə və Yunanıstandan keçməklə Moskvadan Avropaya tədarük olunacaq. Bu iki boru kəməri "Şimal axını - 2" qaz kəmərini tamamlayacaq. Bu xətlər üçlükdə nəinki Avropanın rus qazından asılılığını artıracaq, eyni zamanda ABŞ ilə AB arasında daha dərin nifaqa səbəb olacaq.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, yeni şəbəkənin digər hissəsi yarımuxtar İraq Kürdistanından keçəcək və Avropaya ixrac edilmək üçün Türkiyənin qaz şəbəkəsinə qoşulacaq. Moskvanı Ərbildən ayırmağa çalışan Bağdad Kirkuk neft yatağından Türkiyə sərhədinədək uzanan yeni boru kəmərinin tikintisinə tenderlə bağlı "Rosneft" şirkəti ilə danışıqlara başlayıb. Yeni boru kəməri İraq-İŞİD müharibəsində dağılan əvvəlki kəməri əvəzləyəcək.

Müəlliflər xatırladır ki, hələ 2017-ci ilin yanvarında Rusiya Suriyada neft və qaz hasilatına müstəsna hüquq əldə edib. Suriyada sübuta yetirilmiş neft ehtiyatları 2,5 milyard barel (dünya ehtiyatının sadəcə 0,2%-i) təşkil edir, ölkənin qaz ehtiyatları isə daxili tələbatı ödəmir. Lakin Suriyanın Moskva üçün başlıca dəyəri ölkənin ixracda nəqliyyat qovşağı kimi istifadə edilməsidir.

Moskvanın Livana marağının da Suriya tərəfi var. Rusiya ABŞ-ın regiondakı təsirini məhdudlaşdırmaq  məqsədilə həyata keçirdiyi səylər çərçivəsində Livanla ticarət əlaqələrini dərindləşdirib.

Rusiyanın planları ABŞ-ın regiondakı təsirini sarsıda bilər. Belə ki, tarixən Vaşinqton burada əsas təhlükəsizlik zəmanəti hesab olunub. Rusiyanın fırıldaqları ilə mübarizə aparmaq asan olmayacaq. Ancaq Vaşinqtonun da öz variantları var. ABŞ əlverişli şərtlər daxilində aparıcı Avropa bazarlarında strateji infrastrukturu, həmçinin maye təbii qaz (MTQ) üçün dəniz reqazifikatorlarını maliyyələşdirməklə Avropaya alternativ ixrac marşrutlarını reallaşdırmağa çalışa bilər. Bu, İsrail və şərqi Aralıq dənizi regionun digər bölgələrindən təbii qaz ixracına mane olan nəqliyyat problemini qismən həll edə bilər. Belə bir sistem böyük yatırımlar və uzunmüddətli müqavilələr tələb edən, böyük kapital tutumlu qaz kəmərlərindən qurtulmağa imkan yaradacaq.

Müəlliflər qeyd edir ki, Vaşinqton iştirakçı ölkələrin qaz bazarlarını liberallaşdırmaqla bağlı qarşılıqlı öhdəlik müqabilində bu layihələrin maliyyələşdirilməsinə kömək edə bilər. Bu, istehsal və nəqliyyat infrastrukturunu bir-birindən ayırmağa gətirib çıxaracaq, habelə üçüncü tərəfləri boru kəmərlərinin buraxılış qabiliyyətinə bərabər çıxış hüququ ilə təmin edəcək. Bu cür münasibət rus qazı ilə müqayisədə rəqabət qabiliyyəti yüksək olan əlavə idxalı məkanla təmin edəcək, həmçinin qazın qitədən qitəyə - əlverişli tədarükçülərdən ən böyük tələbat mərkəzlərinə sərbəst yerdəyişməsinə zəmanət verəcək.

Nəhayət, Moskva qaz silahını işə salıb ventilləri bağlamaq fikrinə düşsə, Vaşinqton Amerika MTQ-nin Avropaya ixracını asanlaşdıracağına söz verə bilər.  Amerika MTQ-i hazırda rus qazından baha olduğu üçün Vaşinqton sabit qiymətlə mütəmadi tədarük naminə özəl istehsalçıların ixracına subsidiya da edə bilər.

ABŞ-dakı siyasi mühit Avropaya əlavə maliyyə dəstəyini çətinləşdirsə də, belə bir variantı tamamilə istisna etmək olmaz. ABŞ prezidenti Donadl Tramp (Donald Trump) bildirib ki, Avropaya qaz ixracı prioritet tapşırıqdır. O, Moskvanın Yaxın Şərqdəki enerji körpüsünü məhv etmək üçün administrasiyanı Avropa tərəfdaşları ilə əməkdaşlıq etməyə çağırıb.Avropanın enerji təhlükəsizliyi və ABŞ-ın Yaxın Şərqdəki təsiri çox vacibdir, onları Rusiyaya vermək olmaz.

Milli.Az