Orqan alverçisinin məhkəməsində zərərçəkmiş: Böyrəyimi 40 minə dedim, 12 minə razılaşdıq

19 Aprel 2019 16:44

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində orqan alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Səid Ağayev bildirib ki, banka 3 min manat borcu olduğu üçün böyrəyini 12 min manata satmağa razılaşıb: "2015-ci ildə Sahib və Pirəli ilə Tehrana gedib analiz verdik. Daha sonra Bakıya qayıtdıq, əməliyyat üçün Gürcüstana getdik. Hava limanında görüşdük, lakin qorxdum, fikrimdən daşındım və Bakıya geri qayıtdım".

Digər zərərçəkən Şakir Nağıyev isə deyib ki, Sahib adlı şəxsin əmisi nəvəsi Pirəliyə böyrək lazım olub, ehtiyac üzündən ona böyrəyini 17 min dollara satıb: "Gürcüstanda əməliyyat olundum, pulu da aldım. Heç bir şikayət və tələbim yoxdur".

Zərərçəkmiş Rüstəm Ramazanov isə deyib ki, əvvəl Salyanda internatda qalıb: "Direktorun qorxunc əməllərinə görə, oradan çıxdım və maddi vəziyyətim çox pis olduğu üçün böyrəyimi satışa çıxardım. Bir müddət sonra Sahib müəllim zəng elədi. Onunla Bakıda görüşdüm. Ona böyrəyimi 40 min manata dedim, 12 min manata razılaşdıq. Daha sonra İranda müayinədən keçdim və Tacikistanda əməliyyat olundum. Qayıdandan sonra Sahib müəllim pulumu verdi. Şikayət və tələbim yoxdur".

Məhkəmənin növbəti iclası aprelin 26-na təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Cinayət işində 27 zərərçəkmiş var.

Milli.Az