Niyə Qədr gecəsi məhz Ramazan ayında olur?

20 Aprel 2019 23:15

(Ustad Ənsarianın dərslərindən)

"Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz". ("Bəqərə" 183).

Bu ayədən də göründüyü kimi, oruc insanın paklanmasına və təqvalı olmasına səbəb olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Ramazan ayı iki cəhətdən möhtərəmdir: biri özünə aiddir, biri isə Qurana.

Həmçinin bu ayda iki cür qoruma vardır: biri insanın şeytanın (lən) vəsvəsəsindən qorunmasıdır, ikincisi isə İlahi əzaba düçar olmaqdan qorunmasıdır.

Bu ayda iki nemət vardır: behiştin qapılarının açılması, ikincisi isə insan ruhunun və canının hüzur tapması.

Bu ayda insana iki hədiyyə verilər: oruc tutanın yuxusu ibadətdir, sükutu isə təsbihdir.

Oruc tutanın iki sevinci və fərəhi olar: iftar edən zamanı, Allahla görüşən zaman.

Bildiyimiz kimi, Qədr gecəsi Ramazan ayında olur və Quran da bunu açıq şəkildə bəyan etmişdir. Bu gecənin belə adlanmasının sirri ondadır ki, "qədr" sözü "ölçmək" deməkdir. Qədr gecəsi - insanların ölçüldüyü gecədir.

Allah Təala o gecədə insanların birillik taleyini təqdir edər. Həyatlarını, ölümlərini, ruzilərini, səadət və bədbəxtliklərini...

Ancaq Ramazan ayı insanların ölçülməsi üçün layiqli bir aydır. Çünki, bu ayda lənətlik şeytan zəncirə vurular və insanın etdiyi əməllərdə onun dəxaləti olmaz. İnsan bu mübarək ayda oruc tutaraq paklanar və fitrətinin hədəfinə qayıdar. Allaha yaxınlaşar, Qurana yaxınlaşar, yoxsulların əziyyətini görməyi bacarar, qəflətdən ayılar, bir insanın vəzifələrini dərk edər.

Bu səbəbdəndir ki, Müqəddəs Qurani-Kərim bu mübarək ayda nazil olmuşdur.

Beləliklə deyə bilərik ki, Ramazan ayı on bir ayın sultanı olduğu üçün, Qədr gecəsinin, yəni insanların dəyərinin ölçüldüyü və talelərinin həll olduğu gecənin bu ayda olması məntiqli və daha münasibdir. Allah Təbarəkə və Təala hər şeyi bilən və hər şeydən agah olandır. Ona görə də bu gecəni məhz Ramazan ayında, Quranın nazil olan gecəsində qərar vermişdir". (Beytutə)

Milli.Az