İmam Zaman ağanın anamız Zəhraya bənzərliyi

20 Aprel 2019 19:40

Həzrət İmam Sadiqə (ə) sual veriblər ki, niyə Həzrət Peyğəmbərin (s) qızını Fatimə adlandırıblar. Həzrət (ə) cavabında buyurmuşdur: "Allah Təala Öz əzəmətli nurundan onu xəlq etmişdir". Bu, o deməkdir ki, Allah 14 Məsumun (ə) xəmirini Öz əzəmətli nurundan xəlq etmiş və onları başqa xəlqdən üstün etmişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, Həzrət (s) buyurur: "Varlıq aləmi şərqdən qərbə qədər zülmət içərisində qalır və mələklər bu zülmətə görə Allaha şikayət edirlər. Allahdan istəyirlər ki, bu zülməti aradan qaldırsın. Allah da onların istəyi qarşısında bir kəlmə deyir və o kəlmədən ruh xəlq edir. Sonra başqa kəlmə deyir və o kəlmədən nur xəlq olur. Sonra o nuru həmin ruha əlavə edir. Onu ərşin ən yüksək yerində qərar verir. Bütün aləm şərqdən qərbə qədər nura böyanır. Həmin xəlq olan nur - Həzrət Fatimədən (s.ə) başqası deyildi və ona görə də onu Zəhra (s.ə) adlandırıblar. Çünki nuru səmanı aydınlatmışdır".

Bu hədisin Qurani-Kərimdə istinadı da vardır. "Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli, içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə, günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın.

(Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir.

Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir". ("Nur" 35).

Hədislərdə oxuyuruq ki, xilqətin üç şaxəsi olmuşdur. Peyğəmbər (s) - risalət şaxəsidir. İmam Əli (ə) - vilayət şaxəsidir. Həzrət Zəhra (s.ə) - isə qoruma şaxəsidir. O zaman ki, İmam Əlinin (ə) vilayətini sındırırlar, Xanım (s.ə) onu ayaqda saxlamaq üçün əlindən gələni edir və vilayəti qoruyur.

Hədislərimiz bizə buyurur ki, İmam Zaman ağa (ə.f) - yerin nurudur. Bu hədisi isə bu ayəyə istinad edirlər. "(Həmin gün) yer (üzü)öz Rəbbinin nuru (həmin gün üçün yaradılmış xüsusi nur) ilə işıqlanacaq (Məhşər əhlinin əməllərinin də dərc edildiyi böyük) kitab(Lövhi-Məhfuz bir tərəfə) qoyulacaq. Və bütün peyğəmbərlər və (əməllərin Məsumlar, mələklər və təqvalılardan ibarət) şahidlər(i) gətiriləcək, onların (Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılacaq və onlara zülm edilməyəcək, haqları kəsilməyəcək". ("Zumər" 69).

Bu ayə ilə bağlı İmam Sadiq (ə) buyurur: "Bu yer nuru ki, aydınlığa səbəb olacaqdır, İmam Zaman (ə) vasitəsilə olacaqdır".

Soruşurlar ki, o günü nə baş verəcəkdir?

Həzrət (ə) buyurur: "O günü insanlar Günəşin və Ayın nurundan ehtiyacsız olacaqlar". Yəni, İmam Zaman ağa (ə.f) onlar üçün nur mənbəyi olacaqdır.

"Camei Kəbirə" ziyarətnaməsində oxuyuruq ki, Məsumlarımız (ə) - bu aləmin başlanğıcı və sonudurlar. Yəni, əgər Həzrət Zəhra (s.ə) aləmin ilk nuru olubdursa, İmam Zaman ağa (ə.f) da son nuru olacaqdır.

Milli.Az