"Nöqsanlar əvvəlki rektorun dövründə olub" - Bakı Slavyan Universitetindən ittihamlara CAVAB

20 Aprel 2019 20:40

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirlər nəticəsində ən çox nöqsan aşkar etdiyi ali təhsil müəssisələrinin adlarını və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb.

Milli.Az azedu.az-a istinadən bildirir ki, ən çox nöqsan Bakı Slavyan Universitetində aşkarlanıb.

Ali məktəbdə muhasibat uçotu və hesabatlıq, büdcə qanunvericiliyinin pozulması və dövlət satınalmaları ilə bağlı nöqsanlar üzə çıxarılıb.

Məsələylə bağlı BSU-nun mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev AzEdu.az-a açıqlamasında bildirib ki, üz çıxan nöqsanların hamısı 2015-2016-cı illərə aiddir:

"Bütün nöqsanları birdən-birə aradan qaldırmaq mümkün deyil. Nöqsanlardan bəziləri 2017-ci ilə də gəlib çıxıb. Yoxlamaların nəticələri Nurlana xanımın BSU-ya rektor təyin olunduğu dövrə qədərki mərhələyə aiddir".

İbrahim Quliyev qeyd edib ki, problemlərin bir çoxu artıq aradan qaldırılıb:

"Tələbələrin ödənişləri ilə bağlı yaranan 39 problemdən, 35-i həll olunub. Sözügedən hallar Nurlana xanımın rektor təyin olunduğu qısa müddət ərzində aradan qaldırılıb. 4 hal isə sonrakı ildə həllini tapıb".

Qeyd edək ki, 2014-2016-cı illərdə Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev olub.

Milli.Az