Tim Cook Notr Dam kilsəsinin bərpası üçün maddi dəstək göstərəcək

20 Aprel 2019 19:55

Fransanın 850 illik tarixi simvolu olan Notr Dam kilsəsində baş verən yanğınla bağlı növbəti açıqlama verilib.

Milli.Az chip.az-a istinadən bildirir ki, aprelin 15-də dünya şöhrətli Notr Dam kilsəsindəki yanğın bir anda hər kəsin gözlərini Fransaya çevirdi. Saatlarla davam edən yanğını söndürməyə çalışan xilasetmə qrupunun nümayəndəsi  Lt-Col Gabriel Plus  "Abidə bütünlüklə yararsız vəziyyətdədir " deyə bildirmişdi.

Yanğından sonra, abidənin yenidən inşa olunması yolları müzakirə olunarkən maddi dəstəklərin edilməsi  məsələsi də gündəmə gəldi. Dünyaca məşhur fransız şirkətlərinin 300 milyon avro  məbləğində maddi vəsait ayırmasından sonra Apple şirkəti də hərəkətə keçdi. Tim Cook gələcək nəsillər üçün Notr Dam abidəsinin qiymətli miras olduğunu qeyd edərək onun bərpası üçün  təmsil etdiyi Apple şirkəti tərəfindən dəstək göstəriləcəyini vurğulayıb.

Qeyd edək ki, adı çəkilən şirkət tərəfindən maddi dəstəyin nə zaman və hansı məbləğdə həyata keçirələcəyi haqqında məlumat hələki açıqlanmayıb. Bundan başqa yanğının baş vermə səbəbinin araşdırılması davam etdirilir. Hadisənin tikilidə yenilənmə işlərinin icrası səbəbindən qaynaqlandığı ehtimalları da var.

Milli.Az