Siyavuş Novruzov: "Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətindən, tarixindən oğurluq edirlər"

19 Aprel 2019 11:35

"Adətən müqavilə əsasında yaranan dövlətlər saxta tarix, musiqi, mədəniyyət formalaşdırmaq istəyir. Ermənistan da bu cür dövlət olduğu üçün özünə saxta tarix, mədəniyyət, musiqi yaratmaq istəyir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda keçirilən konfransda çıxışı zaman deyib.

S.Novruzov bildirib ki, müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətinə, musiqisinə, tarixinə əl atırlar:

"Ermənilərin Azərbaycanın bir çox sahələrindən, tarixindən, mədəniyyətindən, musiqisindən oğurluq etdiyini görürük. Yalan ayaq tutar, amma yeriməz. Elə ermənilərin öz mənbələri özlərini ifşa edir, bir mənbəsi digər mənbəsinin yalanını üzə çıxarır. Ermənilər nə qədər saxtakar addımlar atsa da, tarixi faktlar ortaya çıxır və onların saxtakarlığı alimlərimiz tərəfindən də ifşa olunur".

Milli.Az