Azərbaycanlı məşhur oteldə müğənni Natavanın başına açdığı oyundan danışdı - FOTO

19 Aprel 2019 11:31

"Hər şey daxil"də Nura Surinin toyda ifası zamanı əməkdar artist Rəşad İlyasovun səs rejissorunun bilərəkdən fonoqramını kəsdiyi iddia etdiyi kadrları yayımlanıb.

Milli.Az xəbər verir ki, kadrlar efirə getdikdən sonra verilişin aparıcısı Tarix Əliyevin (Tolik) etdiyi etiraf hər kəsi məəttəl qoyub.

Prodüser eyni hərəkəti Natavan Həbibiyə qarşı özünün də etdiyini canlı yayımda bəyan edib:

"Natavan, mən də səni bir dəfə belə eləmişdim. Yadındadır? (gülür). Amma mən sonra boynuma aldım ki, mən etmişəm. Mən Natavandan küsmüşdüm, onda qırğında idik. Məhkəmədə idi işimiz. Deməli, Natavan gəlir toya, həmin vaxt da Afaq Gəncəli Natavanla danışmır. Biz də otellərin birində Eltonla toydayıq. Toyu Elton aparır başdan ayağa. Natavan oxumağa gələndə bütün musiqiçilərə dedim ki, çıxın. Toy yiyəsinə dedim ki, "Biz Natavanı elan etməyəcəyik". Natavan gəldi, mən də gic deyiləm axı birinci mahnıda kəsim. Birinci mahnı lirika olur, camaat heç vaxt oynamır. İkinci mahnıda elə gördüm camaat ortadadır, dedim "Dart". Dartdı, elə Natavan da özünü itirmədi. Dedi "Mən bilirəm bu kimin əməlləridir". Amma küsmüşdük də. İnsan uman yerdən küsər". 

Verilişin qonağı olan Nura Suri Tolikin etirafına "Şokdayam" ifadəsi ilə reaksiya verib.

Təhməz Təkin
Milli.Az