Peyğəmbərlər Allahla bəşər arasında vasitəçilər

18 Aprel 2019 23:05

Qeyd etdiyimiz kimi, peyğəmbər Allah tərəfindən bəzi xəbərləri insanlara çatdırmaq üçün məmur edilmiş şəxsdir. Peyğəmbərin Allah-təaladan aldığı bu xəbərlərə "vəhy" deyilir.

"Vəhy" sözünün lüğəti mənası başqalarının görmədiyi gizli işarə deməkdir. Vəhyin əsas növləri bunlardır:

a) Milli.Az islam.az-a istinadən bildirir ki, bəzən peyğəmbərlər qeyb aləmindən səs eşitmiş, bu yolla Allahın əmrlərini əldə etmişlər (məsələn, Həzrət Musa (ə) Mədyən ölkəsindən qayıdarkən yolda yanan bir ağacdan Allahın vəhyini almışdır. Başqa vaxt isə o həzrət Tur dağında Allahdan Tövrat kitabını vəhy şəklində alıb lövhələr üzərinə yazmış və Bəni-İsrailə gətirmişdi).

b) Bəzən Allah öz məqsədini peyğəmbərin qəlbinə fikir şəklində salmışdır.

c) Bəzən peyğəmbərlərə yuxuda vəhy edilmişdir. Məsələn, İbrahim peyğəmbər (ə) oğlu İsmayılı (ə) qurban kəsmək barədə vəhyi yuxuda almışdı.

ç) Bəzən isə Allah vəhyi peyğəmbərlərə mələklərin vasitəsilə göndərmişdir. Yəni Allah öz əmr və göstərişlərini vəhy mələyi olan Cəbrailə (ə) söyləmiş, o da peyğəmbərə xəbər vermişdir. Həzrət Mühəmməd peyğəmbər (s) və digər elçilər Cəbrail (ə) ilə görüşüb ondan vəhy alırdılar.

Vəhy yalnız peyğəmbərlərə verilir, peyğəmbər olmayan şəxs vəhy ala bilməz. Amma Allah adi insanın qəlbinə bəzi fikirləri sala bilər (buna "ilham" dəyilir). Lakin adi şəxsin aldığı ilhamla peyğəmbərin qəlbinə Allahın endirdiyi vəhy fərqlənir. Peyğəmbərin göndərildiyi xalqlar onun aldığı vəhyə inanıb tabe olmalı və əməl etməlidirlər. Amma adi insanın Allahdan aldığı ilhama başqalarının tabe olması vacib deyildir.

Peyğəmbərlərin növləri

Peyğəmbərlər bir-birindən fərqlənmişlər. Qurani-Kərimdə buyurulur: "Biz bu peyğəmbərlərin bəzisini digərindəm üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir" ("Bəqərə" surəsi, 253-cü ayə). Ayədən belə anlaşılır ki, peyğəmbərlərin üstünlük səbəbi onların vəhyi hansı şəkildə almalarına görə ola bilər.

Əlbəttə, bu, heç də o demək deyildir ki, yalnız bir neçə peyğəmbərə ehtiram edilməli, başqalarına isə həqarətlə baxılmalıdır. Bütün peyğəmbərlər bizim üçün möhtərəm və əzizdir. Onlardan bəzisi isə xüsusi ehtirama layiqdir. Peyğəmbərləri Quran ayələri ilə də müqayisə etmək olar. Bütün ayələr Allah kəlamı olduğu və müqəddəs sayıldığı halda, namazın birinci və ikinci rükətlərində "Fatihə" surəsini oxumaq vacib sayılır, "Fatihə"nin əvəzinə hər hansı başqa surə oxunsa, namaz düzgün sayılmaz. Demək, "Fatihə" surəsi başqa surələr içində daha əhəmiyyətli və üstündür. (Buna görə həmin surəyə "ümmül-Quran", yəni Quranın məğzi, hərfi mənada Quranın anası deyirlər). Lakin bu üstünlük qalan Quran surələrinin müqəddəsliyini heç də azaltmır. Eləcə də, peyğəmbərlərdən bir neçəsinin üstünlüyü digərlərinin mövqeyinə əskiklik gətirmir.

Peyğəmbərlər məqam və dərəcələrinə görə "nəbi" və "rəsul" olmaq üzrə iki qismə ayrılırlar.

Peyğəmbərlərin böyük əksəriyyəti nəbi qisminə aiddir. Nəbi o peyğəmbərə deyilir ki, ya qeybdən gələn səslər vasitəsilə, ya da yuxuda Allahdan vəhy alır, yaxud vəhy onun qəlbinə endirilir, lakin o, öz gözləri ilə vəhy mələyini görmür. Peyğəmbərlərin "rəsul" adlı az bir qismi isə deyilənlərdən əlavə, həm də ayıqlıqda mələklə görüşüb onun dilindən vəhyi eşidir. Rəsulların sayı 313 nəfər olmuşdur.

Rəsul peyğəmbərlərin beş nəfəri ən üstün sayılır və "ülul-əzm" (yəni əzm və iradə sahibi) adlanır. Ülul-əzm peyğəmbərlər bunlardır: Həzrət Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s).

Ülul-əzm peyğəmbərlərin əsas xüsusiyyəti budur:

Onlar xalqı tamamilə yeni şəriətə əməl etməyə çağırmış, özlərindən əvvəlki peyğəmbərlərin şəriətini köhnəldiyinə görə ləğv etmişlər. Məsələn, Həzrət Musa (ə) özündən əvvəlki ülul-əzm peyğəmbərin - Həzrət İbrahimin (ə) şəriətini yenisi ilə əvəz etmişdir. Həzrət İsa (ə) Həzrət Musanın (ə), Həzrət Mühəmməd (s) də Həzrət İsanın (ə) təbliğ etdiyi şəriəti dəyişdirmişlər. Halbuki, bu beş nəfərdən başqa heç bir peyğəmbərin öz şəriəti olmamışdır. Məsələn, Həzrət Musa (ə) ilə Həzrət İsa (ə) arasındakı zaman fasiləsində yaşamış nəbilər və rəsullar özlərindən şəriət gətirməmiş, Həzrət Musanın (ə) şəriətini təbliğ etmişlər.

Milli.Az