Əlil arabası almaq üçün göndəriş tələbi ləğv olunacaq

18 Aprel 2019 22:55

Əlilliyi olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi vasitəsilə əlil arabası ilə təmin olunmaları üçün müraciət proseduru sadələşdiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, hazırda həmin şəxslər Tibbi-Sosial Ekspert Komissiyalarının tibbi göstərişi əsasında əlil arabası ilə təmin edilirlər.

Bu tibbi göstərişlərin verilməsi üçün isə səhiyyə müəssisələrinin göndərişi (Forma 88) tələb olunur. Reabilitasiya vasitələri ilə bağlı nazirlik tərəfindən hazırlanan yeni qanunvericilik aktının layihəsində əlil arabasının təkrar alınması üçün göndəriş (Forma 88) tələbi çıxarılıb.

Ümumilikdə, qanunvericilikdə aparılan islahatlar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatla əlaqədar müraciət prosedurlarının sadələşdirilməsinə xidmət edir. Məqsəd isə bu sahədə süründürməçiliyə zəmin yaradan halların aradan qaldırılması, reabilitasiya sisteminin şəffaf və ədalətli, əlilliyi olan şəxslərə daha əlçatan şəkildə qurulmasıdır.

Milli.Az