Stenokardiya xəstəliyi. Səbəbləri və müalicəsi

18 Aprel 2019 23:45

Stenokardiya ürəyin işemik xəstəliyinin bir formasıdır. Stenokardiyanın bilavasitə səbəbi ürək arteriayalarının aterosklerozudur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu zaman ürək damarlarının divarında xolesterin yığılır, damarlar daralır və ürək kifayət qədər qan almır. Nəticədə ürək qidalı maddələri və oksigeni az miqdarda alır.

Stenokardiyanın simptomları:

- ürəkdə sıxıcı, yandırıcı ağrılar

- nəfəsalmanın çətinləşməsi, başgicəllənməsi, qorxu hissi

- bəzən ürəkbulanması və qusma

- ağrılar adətən fiziki gərginlik zamanı inkişaf edir. Həmçinin isti otaqdan soyuq havaya çıxmaq, stress, həyəcan da ağrılara səbəb ola bilər. Xəstəliyin gecikmiş formalarında ağrılar hətta sakit vəziyyətdə yaranır.

- nitroqliserin həbinin qəbulundan sonra ağrılar tez bir zamanda yox olur

- tutmalar arasında insan adətən heç bir narahatçılıq hiss etmir.

Cavanlarda stenokardiyanın səbəbi ateroskleroz deyil, ürək damarlarının spazmı (sıxılması) ola bilər.

Əgər stenokardiya tutmaları getdikcə daha da ağırlaşır, yeni simptomlar (ağrı qola, çənəyə vurur və s.) qoşulur, bu çox təhlükəli sayılır və infarktın yaxınlaşmasından xəbər verə bilər.

Stenokardiyanın digər ağırlaşması xroniki ürək çatışmazlığıdır. Xroniki ürək çatımazlığı özünü ağır təngnəfəslik və ayaqlarda ödemlərlə büruzə verir.

Stenokardiyanın ilk simptomlarında kardioloqa müraciət etmək lazımdır. Diaqnozun dəqiqləşdirməsi üçün həkim EKQ, xüsusi sinaqlar və s. müayinələr təyin edir.

Stenokardiyanın müalicəsi

Stenokardiyanın müalicəsi zamanı nitrat, beta-blokatorlar qruplarına aid olan preparatlar, asetilsalisil turşusu istifadə olunur.

Təyin olunmuş preparatları daim qəbul etmək lazımdır. Bəzi xəstələr özünü yaxşı hiss etdikdə prepartların qəbulunu azaldır və ya heç qəbul etmir. Bu yolverilməzdir. Bu xəstədə infarktın riskini artırır.

Milli.Az