Prokurorluq təqsirləndirilən şəxslərin ittihamlarını absurd hesab edir
9 Aprel 2010 16:19
Qurumunun mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumatfda bildirilir ki, 2009-cu il noyabrın 8-də, saat 21:00 radələrində əvvəllər qəsdən adam öldürməyə cəhd maddəsi ilə 8 il müddətinə məhkumluq həyatı yaşamış Qeybəli Rəşidov Bakı şəhəri, Mirqasımov küçəsi 10 ünvanında yerləşən "Şərq" çayxanasında olarkən, tanışı, əvvəllər ağırlaşdırıcı hallarda xuliqanlıq cinayəti törətdiyinə görə azadlıqdan məhrum edilmiş Əkbər Vəliyevi, onun əvvəllər tanıdığı Səma Abdullayeva ilə əlaqə saxlamasından şübhələndiyinə görə çayxananın mətbəxindən götürdüyü bıçaqla xəsartət yetirib.
O, Ə.Vəliyevə qarın və boyun nahiyələri, o cümlədən qarının daxilə nüfuz edən və mədənin ön divarının zədələnməsi ilə müşayiət olunan 3 bıçaq zərbəsi alızərbə endirərək qəsdən öldürməyə cəhd edib. Q.Rəşidov cinayətkar əməllərini davam etdirərək həmin gecə saat 03 radələrində sərxoş vəziyyətdə, S.Abdullayevaynın Naxçıvan-Bakı reysi ilə Bakıya qayıtmasını əvvəlcədən bildiyindən Hava Limanına gələrək ictimai qaydanı kobud surətdə pozan qərəzli hərəkətlər etməklə və ucadan nalayiq söyüşlər söyərək silah qismində istifadə etdiyi həmin bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 6 zərbə, habelə yumruqla qarnına və bədəninin digər nahiyələrinə xəsarətlər yetirməklə xuliqanlıq cinayəti törədib.
Qeyd edilən faktlarla bağlı Nəsimi rayon Prokurorluğunda noyabrın 9-da Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın aparılması prokurorluğun böyük müstəntiqi Elnur Cəfərova həvalə edilib. Eyni zamanda həmin tarixdə Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb və Q.Rəşidova həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində istintaq edilən cinayət işi 3 dekabr 2009-cu il tarixdə Nəsimi rayon Prokurorluğuna göndərilərək bir icraatda birləşdirilib. Q.Rəşidov müdafiəçi ilə təmin olunaraq onun iştirakı ilə dindirilib və dindirmə zamanı o, törətdiyi cinayət əməllərini tam etiraf edib. Zərərçəkmiş Əkbər Vəliyev də ifadələrində Q.Rəşidovun onu bıçaqla vurmaqla qəsdən öldürməyə cəhd göstərməsini təsdiq edib. Toplanmış sübutlara əsasən Q.Rəşidovun əməli Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 29,120.2.10 və 221.3-cü maddələrinə tövsif edilməklə, ona yeni məzmunda ittiham elan olunmuş və iş üzrə istintaq tamamlanaraq 10 fevral 2010-cu il tarixdə baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.
Göstərilənlərlə yanaşı, Əkbər Vəliyev qanunsuz olaraq narkotik vasitələrin külli miqdarda satışına görə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə 12 yanvar 2010-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub. O, həmin vaxtdan Q.Rəşidovun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılır.
Q.Rəşidovun barəsində Nəsimi rayon Prokurorluğunda istintaq edilmiş iş üzrə istintaqın tamamlanma mərhələsində, zərərçəkmiş Əkbər Vəliyev rayon prokurorluğuna saxlanıldığı təcridxanadan ərizə ilə müraciət edərək hadisə baş verdiyi vaxt bıçağın guya öz əlində olmasını və Q.Rəşidovun həmin bıçağı əlindən alaraq, ona yüngül xəsarət yetirməsini göstərib. Araşdırma zamanı Ə.Vəliyevin adından daxil olmuş ərizənin 3 saylı istintaq təcridxanasında saxlanılan Kamil Bağırbəyov tərəfindən Q.Rəşidovun xahişi ilə yazılması müəyyən edilib. Sonuncu müstəntiq Elnur Cəfərov tərəfindən dindirilərkən, həmin xüsusatı təsdiq edib.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, Q.Rəşidov cinayətkar aləmdə müəyyən nüfuza malik olmaqla, öz əlaqələrindən istifadə edərək, zərərçəkmiş Ə.Vəliyevə təsir göstərib və onun adından qeyd edilən məzmunda həqiqətə uyğun olmayan ərizənin yazılmasına nail olub.
Bakı şəhər Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla Nəsimi rayon Prokurorluğunun böyük müstəntiqi Elnur Cəfərovun onun ailə üzvlərindən Q.Rəşidovun barəsində olan cinayət işinin xitam olunması və məsuliyyətdən qurtarması üçün külli miqdarda pul tələb etməsi, sonuncuya və zərərçəkmiş Əkbər Vəliyevə hədə-qorxu gəlməklə, ağ vərəqələrə imza etdirməsi və sonradan həmin vərəqələrə hadisə barəsində öz istədiyi məzmunda ifadələr yazması barədə bəzi mətbu orqanlarda yer alan informasiyalar təsdiqini tapmayıb. Həmçinin istintaq zamanı bu barədə prokurorluğa heç bir şikayət daxil olmayıb.
Bakı şəhər Prokurorluğu cinayət işləri üzrə əsl həqiqətləri ictimaiyyətin nəzərinə çatdırmaqla bəyan edir ki, Q.Rəşidov və Ə.Vəliyevin barələrində olan cinayət işlərinin istintaqı Cinayət-prosessual qanunvericiliyin tələblərinə tam əməl edilməklə obyektiv və qərəzsiz aparılıb. Onların törətdikləri cinayət əməlləri istintaqla tam sübuta yetirilib. Həmin şəxslərin cinayət işinin istintaqına şübhə ilə yanaşmaq, onun obyektivliyinə kölgə salan bəyanatlarla bəzi kütləvi informasiya vasitələrində çıxış etmək hallarına qəti etirazımızı bildirir və belə mövqeni cəmiyyətdə yanlış fikir formalaşdırılmasına yönəlmiş uğursuz cəhdlər və məhkəmə proseslərinə əsassız müdaxilə kimi qiymətləndiririk.
Milli.Az