Ali Məhkəmənin sədri: "Prezidentin fərmanının icrası ilə bağlı məhkəmə sədrlərinin, hakimlərin üzərinə mühüm vəzifələr düşür"

17 Aprel 2019 14:04

"Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında" aprelin 3-də imzaladığı fərmanın icra olunmasında məhkəmə sədrlərinin, ədalət məhkəməsini həyata keçirən hakimlərin üzərinə mühüm vəzifələr düşür".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R.Rzayev bildirib ki, bunun üçün məhkəmə sədrləri, hakimlər öz fəaliyyətlərində ədalət mühakiməsinin prinsiplərinə ciddi əməl etməklə yanaşı, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər görməlidirlər.

Ali Məhkəmənin sədri bildirib ki, bu fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı sosial-iqtisadi və hüquqi islahatların həyata keçirildiyini vurğulayan sədr qeyd edib ki, dövlət başçısının imzaladığı fərmanda əksini tapan tapşırıqların vaxtında, dürüst və dönmədən icrası təmin edilməlidir, həmçinin ədalət mühakiməsinin keyfiyyəti və səmərəliliyi artırılmalıdır.

Milli.Az